“Dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçmiş əsgərlərimizə edilmiş işgəncələrə dair yayılan görüntülər bir daha sübut etdi ki, Ermənistan nəinki beynəlxalq konvensiyaların tələblərinə riayət etmir, həmçinin cinayət törədir”.
Ednews xəbər verir ki, bu sözləri "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycanın Qeyri-Hökumət təşkilatları 2 əsgərimizin saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciətlə əlaqədar iclasda deyib.
O bildirib ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq bu məsələdə laqeyd qala bilməzlər:
"Beynəlxalq ictimaiyyətin məsələyə birtərəfli yanaşması və ədalətsiz mövqeyinə qarşı çıxmalıyıq. Beynəlxalq ictimaiyyətin bu məsələlərdə birtərəfli mövqeyi bəzi hallarda susqun olmağımızdan qaynaqlanır. Buna görə də bir çox hallarda haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv raketlərdən atəş açaraq müharibə cinayətləri törədib. Bu günlərdə də həmin prosesin davamı gedir. Buna qəti şəkildə münasibət bildirməliyik".
Oğuz