Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisinin Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurulubb. Bu isə erməni ictimaiyyəində çaxnaşmaya səbəb olub.
Maraqlıdır, bundan sonra yola tam nəzarət etmək mümkün olacaq? Bu kimi keçid məntəqəsi digər yollarda da qurulacağı gözlənilirmi?
Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Amid Əliyev bildirib ki, Laçın- Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tam uyğundur.
“Bu addım, eyni zamanda 10 Noyabr Bəyanatına uyğun olaraq, Laçın yolu üzrə təhlükəsizliyin təmin olunması kimi qiymətləndirilməlidir ki, bunu Azərbaycan həyata keçirdi. Bu, həm də bu yol vasitəsilə qanunsuz silah-sursatın və daşımaların Azərbaycan ərazisinə keçməsinin qarşısını almaqla yanaşı, sərhəd mühafizəsini də təmin etdi. Ermənistan Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Buna uyğun olaraq Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi qurub”.
A.Əliyev qeyd edib ki, Azərbaycan hər bir qonşusu ilə bu təcrübəni qarşılıqlı şəkildə həyata keçirir. İran, Rusiya, Türkiyə və Gürcüstanla da bu cür buraxılış məntəqəsi qurulub və fəaliyyət göstərir:
“Laçın yolunda qurulmuş bu buraxılış məntəqəsi bütün növ humanitar məqsədlər üçün tam şəkildə açıqdır. Ermənistan və onun havadarlarını narahat edən məqam ondan ibarətdir ki, bu nəzarət-buraxılış məntəqəsi ərazidəki erməni separatçılarının təminatını tamamilə kəsdi və bunun ardınca həmin separatçıların ərazidən çıxarılması prosesinin gəlməsidir”.
Politoloq deyib ki, Laçın yolunda NBM qurulması milli təhlükəsizliyin təmin olunması, sərhəd mühafizəsi işinin təşkili və eləcə də sonradan reinteqarasiya proseslərinin sürətləndirilməsi baxımından olduqca vacib addımdır:
“Bundan sonra bölgədə yaşayan ermənilərin daha dəqiq formada seçim etmələrini şərtləndirəcək. Separatçıların qısa zamanda ərazini tərk etməsini təmin edəcək. Bunun əksinə gedən qüvvələr isə Azərbaycan qanunlarının sərt üzünü görəcək”.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Oğuz