İran insan haqlarının kobud şəkildə pozulduğu ölkələrdən biridir. Molla rejimi regional təhdidə çevrilməklə bərabər, söz azadlığını pozmaqla da dünya indekslərində öz qabaqcıl mövqeyini qorumaqdadır.
“The Economist Intelligence Unit’s Index of Democracy” indeksində İran 2008-ci ildə 167 ölkə arasında 145-ci, 2014-cü ildə isə 158-ci yerdə qərarlaşıb. 2011-2012-ci il Mətbuat Azadlığı İndeksində isə (Press Freedom Index) İran Suriya, Türkmənistan, Şimali Koreya və Eritreyadan bir qədər yuxarıda olmaqla 179 ölkə arasında 173-cü yerdədir. Ölkədə hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər, akademiklər, etnik və dini azlıqlar hədə-qorxu, qanunsuz həbs və təqiblərlə üz-üzədirlər.
Ölüm cəzasının demək olar ki, hər gün tətbiq olunduğu İran dünyada azyaşlı məhkumları edam edən nadir ölkələrdən biridir. Qərbin hesabatlarına görə, cari ildə ölkədə edamların sayı əvvəlki illərlə müqayisədə 75 faiz artıb.
Ötən ilin sentyabrından İranda insan haqlarının pozulması və sosial vəziyyətə etiraz olaraq başlayan iğtişaşlar hələ də səngimək bilmir. Baş verən hadisələrin fonunda insa haqlarınını pozulması ilə bağlı Avropa və ABŞ İrana və ölkə rəsmilərinə qarşı sanksiyalar tətbiq etsə də molla rejimi fundamental azadlıqlara hörmətsizlik etməyə davam edir.
Aprelin 24-də Lüksemburqda keçirilən iclasda Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri İranda insan haqlarının pozulması ilə əlaqədar bu ölkəyə qarşı yeddinci sanksiyalar paketini təsdiq edəcəklərini açıqlayıblar.
“Bu sanksiyalıarın nə dərəcədə effektiv olacağı sual altındadır. Əgər məhdudiyyətlər ayrı-ayrı ölkələr çərçivəsində qəbul olunacaqsa, effektivliyini görməyə bilərik. Yox, əgər bu, BMT çərçivəsində qəbul olunacaqsa, bunun nəticəsi başqa olacaq”.
Bunu Ednews-a açıqlamasında İranda insan haqlarının mövcud vəziyyəti ilə bağlı danışan hüquqşünas Emil Həsənov bildirib.
O qeyd edib ki, İran insan hüquqları ilə bağlı bir sıra beynəlxalq öhdəliklər götürsə də, onlara əməl etməkdən boyun qaçırır.
“İranda 1979-cu ildən bəri din hakimiyyətdədir. Nə qədər sanksiyalar yeridilsə də İran yenə hərbi sənayesini hər gün daha çox inkişaf etdirir, bununla da regionun təhlkükəsizliyini təhdid edir. Baxmayaraq ki, sanksiyalar mövcuddur, orada bir sıra Avropa məşhurlarını da görmək olar. İran Azərbaycandan tutmuş, Ukrayna, Yaxın Şərqə qədər bütün regionlara müdaxilə etməklə öz spektrini genişləndirir. Əgər beş il bundan əvəl Azərbaycan və Ukrayna məsələsi gündəmdə deyildisə, indi İran Yaxın Şərqə də girib, Şimali Afrikada da onun təsirləri hiss olunur. Sanksiyaların effektiv olacağını düşünmürəm. İnsan hüquqları ilə bağlı İranın öz kriteriyaları var. İran insan hüquqları ilə bağlı bəzi konvensiyalara qoşulsa da, onların ölkədə tətbiqi məsələnin qaranlıq tərəfidir. Tətbiq mexanizmi yoxdur. BMT-nin İnsan Hüquqları Komitəsi hər il İranla bağlı hesabat hazırlayır. Monitorinqlər keçirilsə də nəticəsi elə kağız üzərində qalır”.
Törə Zeynal