Statistik məlumatlara görə, 2022-ci ildə Qarabağdakı qondarma rejimin büdcə xərcləri 546,93 milyon dollar olub və bu rəqəm 2023-cu ildə 1% artırılaraq 554,57 milyona çatdırılacaq. Büdcə gəlirlərinin əsas hissəsini Ermənistanın vediyi dövlətlərarası kredit təşkil edir. 2023-cü ildə 372 milyon dollar kredit veriləcək (ümumi gəlirlərin 77%-i). Bu vəsaitlər kredit kimi verilsə də sonradan bu borclar Ermənistan tərəfindən silinir.
Paşinyanın son vaxtlar Azərbaycan və Türkiyə ilə sülh bağlamaq istiqamətində verdiyi açıqlamalarından onun regionda sabitlik üçün çalışdığını güman etmək olar. Lakin, göstərilən rəqəmlər onun səmimiliyini şübhə altına alır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağdakı separatçılara yenidən maliyyə ayırmasının arxasında hansı səbəblər dayanır?
Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev Ednews-a açıqlamasında Ermənistanın bu addımının sülh prosesinə əngəl olduğunu bildirib:
“Ermənistanın Qarabağa kredit ayırmaq səlahiyyəti yoxdur. Kredit dövlətlər arasında verilir. Bu o deməkdir ki, Ermənistan Qarabağı maliyyə müstəvisində artıq tanıyır. Buna etirazımızı bildirməliyik. Ermənistanın özünün elə böyük maliyyə imkanları yoxdur. Onun əsas məqsədi Azərbaycanla bağlayacağı sülh sazişinin qaydalarını pozmaq, sülh prosesini uzatmaqdır. Ermənistan bu addımları ilə Azərbaycanın ərazi bütövlüyünü tanımadığını göstərir. Separatçılara ayırılan pulla onlar qondarma rejimi dəstəkləmiş olurlar. Ermənistan o pulu xaricdən gətirilmiş və orada vuruşan muzdlulara ödəyir. Hər ay onlara 1500-2000 dollar məbləğində ödəniş edilir. Qarabağdakı separatçılar yalnız oradakı ermənilər yox, Ermənistandan və digər ölkələrdən – Livan, Suriya, İraq, Rusiya, Polşa, Serbiya, Fransa və Kanadadan gələn ermənilərdir. Onlar da hər ay öz pullarını tələb edirlər. Kartlarına məbləğ köçürülərək, xaricə ötürülür. Ermənilər hələ də öz bildiklərini eləməyə davam edirlər. Media bu məsələni diqqətdə saxlamalıdır”.
Törə Zeynal