Türkiyədə keçirilən prezident seçkilərində səslərin 100 faizi hesablanıb. Nəticədə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49,35 faiz səs toplayıb. Müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu seçicilərin 45 faiz dəstəyini qazanıb.
Birinci turda qalib gəlmək üçün namizədlərdən biri 50% üstəgəl bir səs toplamalı idi. Səsvermənin ikinci turu mayın 28-nə təyin edilib.
Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyənin prezidenti hesab etmək olarmı? Səsvermənin ikinci turu nəyisə dəyişdirə bilərmi?
Türkiyədə baş tutan prezident seçkiləri ilə bağlı Ednews-a danışan politoloq Natiq Miri bildirdi ki, 7 partiyanın birliyi və onları birləşdirən bütün Qərb dünyası, başda da ABŞ-ın maliyyə dəstəyindən tutmuş bütün kəşfiyyat informasiyaları, eyni zamanda destruktiv və şantaj kimi fəaliyyətləri nəzərə alsaq Rəcəb Tayyib Ərdoğanın böyük qələbəsidir.
“Çünkü bütün dünyaya qarşı türk xalqı növbəti dəfə yol ayrıcında öz dövlətinin gələcək perspektivindən yana səs verdi. O ki, qaldı rəqəmlərə, artıq 50+1-i adlamaq üçün elə bir böyük əngəl qalmayıb. Əgər xaricdə verilən səslərlə birinci turda 50+1 səsi təmin olunmasa 0,01 səsi əlavə almaqla Rəcəb Tayyib Ərdoğan prezident seçilə biləcək. Üçüncü namizəd Sinan Oğan milliyətçi insandır. Aldığı səslərin böyük əksəriyyəti bilavasitə millətçi səslərdir. Ona görə də kimlərsə düşünürsə ki, Sinan Oğan lap istəsə belə onun səslərinin hamısı Kamal Kılıçdaroğluya gedə bilməz. Çünki millətçilər terrorçularla əlbir olan siyasi güc mərkəzinə heç bir zaman səs verməzlər. Ən azından bu seçkilərdə milliyətçi partiya olan Milliyətçi hərəkat partiyasının səslərindəki yüksəliş də bunu bir daha sübut etdi”.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Oğuz