Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, AŞPA-dakı erməni həmkarları təxribatlar törədir. Həmçinin qeyd edib ki, bir yerdə oturub gələcəyimizi düşünmək yerinə blokadadan, genosiddən, Laçın yolunun guya bağlı olmasından danışırlar.
Məsələ ilə bağlı Ednews-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, beynəlxalq təşkilatlarda Ermənistan rəsmiləri danışarkən böhtandan uzaq durmalıdırlar.
“Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu təkcə sözdə yox, danışıqlarda da göstərilməlidir. Sülh sazişinə addımlayan iki ölkə olaraq beynəlxalq təşkilatlarda Ermənistan böhtandan uzaq durmalıdır. Ümumiyyətlə, beynəlxalq təşkilatların platformalarını bir-birimizə qarşı istifadə etməkdən çəkinməliyik”.
Politoloq Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın XİN-ə 4 tələb və gözləntisini irəli sürdüyünü diqqətə çatdırıb:
“Bu tələb və gözləntilərdən biri də beynəlxalq təşkilatlarda iki ölkənin münasibətləri idi. Hansı ki, onları qoruyub saxlamalı idik. Əgər biz sülh sazişindən, ərazi bütövlüyündən danışırıqsa bunlara da əməl etməliyik. Beynəlxalq təşkilatlarda ermənilərin yenidən Azərbaycana aid olan ərazilərlə bağlı fikir səsləndirmələri təxribat kimi qiymətləndirilməlidir”.
Aysel Şahmar