İranın xarici işlər nazirinin müavini Reza Nəcəfinin Azərbaycana səfəri gözlənilir. Məlumatı "Fars" agentliyi yayıb.
Belə ki, Nəcəfi yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.
Agentliyin məlumatına görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da şəxsən iştirak etməyi planlaşdırır.
Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum nəticəsində səfirliyimizin bağlaması da İran-Azərbaycan münasibətlərinə kölgə salan məsələlərdən biri oldu.
Bütün bu baş verənlər fonunda iki ölkə arasında münasibətlərin normalaşma ehtimalı olacaqmı?
Sözügedən səfərin Azərbaycan- İran münasibətlərinə təsirini Ednews-a şərh edən politoloq Sədrəddin Soltan qeyd edib ki, İran dəfələrlə Azərbaycanın qarşısına şərtlər irəli sürüb:
“Bu şərtlər günümüzə qədər öz həllini tapmayıb.Buna görə də səfirliyin yenidən fəaliyyətə başlaması ehtimalı çox azdır”.
Politoloqun sözlərinə görə, görüş müzakirə xarakterli olacaq:
“Lakin burada konkret addımların atılması gözlənilmir. Çünki İran hələdə terrorizmi dəstəkləyən bir ölkədir”.
Qeyd edək ki, İran dəfələrlə Azərbaycana qarşı təxribatlar törədib. İstər rəsmi dairələr, istərsə də İranın dəstəklədiyi terror təşkilatları Azərbaycana qarşı dəfələrlə təhdid xarakterli mesajlar verib. İranın Qafanda konsulluq açması, Ermənistanı öz qırmızı xətti adlandırması və Zəngəzur dəhlizinin açılmasına maneə törətməsi bunun bariz nümunəsidir.
Səbinə Tağızadə