Yaxın Şərq və Şərqi Avropanın sərhədlərində yerləşən Cənubi Qafqazı nə gözləyir? Qərbin bir sıra media qurumları yeni savaşdan bəhs edirlər. Hətta iddialarında bir az da irəli gedən ABŞ-ın Lemkin İnstitutu Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edəcəyini bildirir. Belə bir iddia bir müddət əvvəl “Politiko” tərəfindən ABŞ dövlət katibi Entoni Blinkenin adından gündəmə gətirilmişdi.
Bu barədə Ednews-a politoloq İlqar Vəlizadə bildirdi ki, bunlar axmaq və əsassız fərziyyələrdir. Heç kimin Ermənistana hücum etmək niyyəti yoxdur:
“Belə bir ssenari mümkün deyil, amma fərz edək ki, reallaşdı, o zaman bölgədə yeni, daha irimiqyaslı münaqişə ocağı yaranacaq. Bölgədə maraqları olan qüvvələr var ki, onlar belə bir durumdan istifadə edərək, regiona müdaxilə etmək istəyəcəklər. Vəziyyət o həddə qarışa bilər ki, qlobal bir münaqişə ocağı yarana bilər. Biz isə bunu istəmirik. Ona görə də, mən belə bir ssenarinin reallığına inanmıram”.
Politoloq hesab edir ki, son zamanlarda maraqları olanlar bu kimi iddiaları irəli sürürlər:
“Bu fərziyyələrin arxasında müxtəlif təbəqələrin rəylərini öyrənmək cəhdləri dayanır. Maraqları naminə “xüsusi ajiotaj” yaratmaq istəyirlər. Amma məqsədlərlə reallıq arasında böyük fərqlər var. Belə bir şey baş verməyəcək.
Ermənistanı silahlandıran qüvvələr barəsində də fikir bildirən politoloq qeyd etdi ki, burada hər bir oyunçunun öz maraqları və məqsədləri var:
“Eyni zamanda, maliyyə ayıranlar Ermənistanda nüfuzlarını saxlamaq və ya saxlamaq niyyətindədirlər. Məsələn, ABŞ maliyyə ayırırsa, bununla həm də Ermənistanda nüfuzu, ona təsir imkanları artır. Əsas məsələ nüfuzla bağlıdır.Ermənistana gəlincə, bu vəsaitlərdən gen-bol istifadə edir. Ayrı-ayrı şəxslər bu pullardan həm də öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün yararlanırlar. Pulları müxtəlif, o cümlədən şəxsi məqsədlərə yönəldəcəklər. Söhbət Ermənistanın hakim siyasi elitasının nümayəndələrinin şəxsi məqsədlərindən gedir”.
Oğuz