Siyasi partiyalar 2023-cü ildə nələrlə yadda qalıblar? Bu il onlar Azərbaycanın daxili, ictimai-siyasətində hansı addımlar atdı?
Ednews bu barədə tanınmış partiyalarla hesabat xarakterli sorğu aparıb. Sorğunun nəticələrini təqdim edirik:
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:
“Bu il bizim partiyamızın Azərbaycan Respublikasının Prezidentinin partiyalar haqqında yeni qanunana uyğun olaraq yenidən qeydiyyatdan keçməsini uğurlu addım hesab edirəm. Partiyamızın sıraları bu il daha da genişləndi. Partiyamızın strukturlarında böyük təkmilləşmə işləri aparılıb. Düşünürəm ki, bundan sonra da bu prosesi davam etdirəcəyik. Partiyamız ölkədə monolit, ən güclü, böyük bir partiyaya çevrilib. Partiyanın gələcəkdə parlament, bələdiyyə seçkilərində iştirak etməsi üçün səylər göstərilir. 2024-cü ildə də hər halda ölkədə gedən siyasi proseslər barəsində Müasir Müsavat partiyası ən öncül sıraların birində olacaq. Biz bu yöndə işlərimizi davam etdiririk. Rayon təşkilatlarının gücləndirilməsi, genişləndirilməsi gedir. Partiyaya artıq yeni simalar, üzvlər cəlb edilib. Partiyanın idarə heyətində, siyasi şurasında siyasi təcrübəsi olan insanlar toplaşıb. Gələcəkdə öz talelərini həll etmək üçün çox ciddi proqramlar üzərində təhlillər aparırlar. Bundan sonra daha uğurlu nəticələr əldə edəcəyimizi düşünürəm”.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:
“Bu il partiyamız üçün elə də naliyyətlərlə dolu il olmadı. Gələn il üçün də gözləntilərim yoxdur. Azərbaycan durğunluq dönəmini yaşayır”.
Azad Vətən Partiyasının sədri Akif Nağı:
“Partiyamız ikinci dəfə qeydiyyatdan keçdi. Üzvlərin sayını ən azından 10 dəfə artırdıq. Nizamnamə və Proqramın yeni redaksiyalarını hazırladıq. Gələn ildə parlament və bələdiyyə seçkilərində uğur qazanacağımızı gözləyirik. Qarabağda bərpa işlərində əsas dönüşün baş verəcəyinə inanırıq.
AĞ partiyanın sədri Tural Abbaslı:
“Düşünürəm ki, partiyalar haqqında yeni qanun layihəsinin qəbulu və qanundan irəli gələn şərtlərin ödənilməsi zamanı AĞ partiyanın partiyalar sırasında yerinin ən yüksəkdə olduğunun üzə çıxması, bunun cəmiyyət tərəfindən, siyasi müttəfiqləri və rəqibləri tərəfindən görünərək qəbul edilməsi naliyyətlərdən biridir. Hər kəs özünü tək və vahid hesab edirdi. Ancaq yeni qanun kimin güclü olduğunu və hansı insan resursuna malik olduğunu ortaya qoydu. Reysterdən çıxarışımızı almışıq. Bunu naliyyət hesab etmək olar. Çünki hələ də bu proseduru bitirməyən partiyalar var. Bu il partiyamızın üzvləri kifayət qədər artıb. Digər partiyalarla müqayisədə xeyli artıb. YAP-ı çıxsaq digər heç bir partiya 2023-cü ildə bizim qədər üzv qəbul etməyib. Bunu da uğur hesab etmək olar. Partiyanın daxili təşkilatmasında da irəliləyişlərimiz var. Bunları kifayət qədər ciddi uğurlar hesab etmək olar. 2024-cü ildə bələdiyyə, parlament seçkilərində iştirak edib AĞ Partiya olaraq layiqli yerimizi tutmaq istəyirik. Vətənə, millətə xidmət etmək istəyirik”.
Oğuz