İranşünas ekspert Vardan Voskanyan 8 kəndin qaytarılacağı halda Bakının böyük strateji üstünlük əldə edəcəyi fikrini ortaya atıb:“Tavuş istiqamətində kəndlər (Qazaxın 7 kəndi) qaytarılarsa, bu, Ermənistan və Gürcüstan arasında strateji yolların Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcək. Tiqranaşen (Kərki kəndi) qaytarılarsa, Ermənistanın İrana gedən marşrutları Azərbaycan ordusunun nəzarətinə keçəcək. Bu isə təkcə İranla əlaqənin yox, həm də Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin də Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Buna görə də həmin ərazilər təkcə kəndlərdən ibarət deyil, bütövlükdə regional nəqliyyat müstəvisində əhəmiyyətli açarlardandır”, - erməni ekspert iddia edib.
Bu barədə Ednews-a açıqlamasında politoloq Tural Əliyev bildirdi ki, əvvəla, proses Ermənistanın nə istəməsindən asılı deyil, beynəlxalq sərhədlərə uyğun kəndlər avtomatik Azərbaycana təhvil verilməlidir:
“İkincisi, Ermənistan normal münasibətlər və nəqliyyat yollarından məhrum olmaqdan ehtiyat edirsə, qarşılıqlı güzəştləri nəzərdən keçirmək mümkündür. Zəngəzur dəhlizinin açılışına maneə törədən bütün faktorları aradan qaldırsın, Azərbaycanın əsaslı hissəsi ilə Naxçıvana quru yolu təmin etsin. Analoji şəkildə Ermənistan da strateji yollardan istifadə etsin. Ermənistanın hazırda bir yolu var imza atdığı sənədin icrasına başlasın. Əks halda regional geosiyasi şərait onların əleyhinə işlədiyi üçün nəticələrinə məcburi surətdə razılaşmalı olacaqdır”.
Politoloq qeyd etdi ki, bu, təhdid deyil, reallıqdır:
“Üç ildən çoxdur Ermənistan hakimiyyəti nala-mıxa vurur, gah pozitiv, gah neqativ danışır, əsassız arqumentlər ortalığa atır. Hansı dövlətlər kluarlarda nələr vəd edirsə, bilsinlər ki, bu vədlərin arxası boşluqdur. Digər regionlarda gedən müharibələrə nəzər salsınlar, təhlil etsələr görəcəklər ki, taleyin ümidinə buraxılıblar. Ermənistan siyasi rəhbərliyi güclər nisbətini və balansını gözdən keçirsinlər, üzləşdiyi çətinliklərdən xilas olmağın şansı hələ də qalıb, düzgün strateji yanaşmaqla əməkdaşlığa yol açsınlar”.
Oğuz