Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsində maraqlıdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının genişləndirilmiş iclasında bildirib.
"Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur. Bu, Şimal-Cənub istiqamətidir. Həmçinin Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrutdur. Bu, həm də Şərq-Qərb istiqamətidir", - o bildirib.
N.Paşinyan vurğulayıb ki, bu marşrutdan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələri üçün də istifadə etmək olar: "Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmağını təklif etdik".