"Qvadelup adasında uzun illər əvvəl istifadə olunmuş kimyəvi maddələrin fəsadları bu gün də insanların həyatına mənfi təsir göstərməkdədir".
“EDnews” xəbər verir ki, bu fikri Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransında çıxışı zamanı iqtisadçı ekspert Filip Verdol deyib.
Onun sözlərinə görə, Fransanın bölgədə xlor tərkibli xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub:
"Bu maddə yalnız ekoloji mühiti deyil, həm də insan sağlamlığını təhlükə altında qoyur. O, xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər və onun zərərləri genetik yolla nəsillər boyunca ötürülür".
F.Verdol bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıqlarına baxmayaraq, Fransa uzun müddət bu pestisiddən istifadəyə davam edib. Xüsusilə banan plantasiyalarında geniş şəkildə tətbiq edilən bu maddə torpağa hoparaq yağış suları ilə birlikdə dənizə axır, nəticədə su hövzələri və ekosistem çirklənir:
"Xlordekon torpaqda uzun müddət qalaraq zərərli təsirini saxlayır. Təəssüf ki, bu məsələyə qarşı bu günə qədər effektiv və ciddi tədbir görülməyib", - deyə o əlavə edib.
Ekspert, həmçinin vurğulayıb ki, bu kimyəvi çirklənmə Qvadelupda ekoloji və ictimai sağlamlıqla bağlı dərin böhran yaradıb və bu vəziyyət müstəmləkəçiliyin ağır mirasını əks etdirir.