Son dövrlər İrəvanla Moskva arasında artan fikir ayrılıqları fonunda Ermənistanın təşkilatdan uzaqlaşması ilə bağlı ehtimallar səsləndirilsə də, ekspertlər bunun yaxın perspektivdə real görünmədiyini bildirirlər.
Son olaraq Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Rusiya Ermənistanın KTMT-də iştirakı ilə bağlı qərar verməsini gözləyir, ya təşkilatda qalacaq, ya da fərqli bir ssenariyə üstünlük verəcək.
Politoloq Rəşad Bayramlı EDnews-a açıqlamasında bildirib ki, Viktor Vasilyevin Ermənistanın KTMT-dəki gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər əslində Moskvanın İrəvana yönəlmiş siyasi mesajı kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, son iki ildə Ermənistanla Rusiya arasında yaranmış fikir ayrılıqları artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində qalmayıb, eyni zamanda KTMT-nin gələcək taleyi ilə bağlı da suallar yaradıb.
Politoloq qeyd edib ki, Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətindən müəyyən qədər uzaqlaşıb. Belə ki, İrəvan bir sıra sammitlərdə iştirak etməyib, hərbi təlimlərə qoşulmayıb, maliyyə öhdəliklərini yerinə yetirməyib və bəzi qərarlara açıq etiraz nümayiş etdirib. Bu isə hüquqi üzvlüklə siyasi iştirak arasında fərqin yaranmasına səbəb olub.
Bununla belə, ekspert hesab edir ki, Ermənistanın yaxın zamanda KTMT-dən rəsmi şəkildə çıxması üçün hələ tam siyasi və təhlükəsizlik şərtləri formalaşmayıb.
“Ermənistan Qərblə münasibətləri genişləndirsə də, ölkənin təhlükəsizlik, enerji və iqtisadi sahələrdə Rusiyadan asılılığı tam aradan qalxmayıb. Eyni zamanda alternativ təhlükəsizlik mexanizmləri də hələ tam formalaşmayıb. Avropa İttifaqı və Qərb ölkələri siyasi dəstək göstərə bilsələr də, KTMT modelini praktik olaraq əvəz edə bilmirlər”, – deyə o vurğulayıb.
Rəşad Bayramlı əlavə edib ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq müşahidə missiyaları və ayrı-ayrı hərbi əməkdaşlıq təşəbbüsləri uzunmüddətli təhlükəsizlik təminatı anlamına gəlmir.
Ekspertin fikrincə, məsələdə Rusiyanın mövqeyi də həlledicidir. Moskva Ermənistanın təşkilatda qalmasını daha məqsədəuyğun hesab edir. Çünki Ermənistanın çıxışı KTMT-nin nüfuzuna zərbə vura və digər üzv ölkələr arasında əlavə suallar yarada bilər.
“Ermənistanın uzaqlaşdırılması onun Qərbə inteqrasiyasını sürətləndirə bilər ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Buna görə də Kreml uzun müddətdir sərt addımlar atmır və mövcud strukturu qorumağa çalışır”, – deyə politoloq bildirib.
Sonda Rəşad Bayramlı vurğulayıb ki, sərt bəyanatlara baxmayaraq nə Ermənistanın yaxın dövrdə təşkilatdan çıxmaq qərarı verəcəyi, nə də KTMT tərəfindən təşkilatdan uzaqlaşdırılacağı inandırıcı görünür.
Qeyd edək ki, Ermənistan uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantılarında iştirak etmir.






.jpg)
