Son illərdə uşaqların erkən yaşdan smartfon və sosial şəbəkələrə çıxışı bütün dünyada ciddi müzakirə mövzusuna çevrilib.
Bir sıra ölkələr artıq məktəblərdə telefon istifadəsini məhdudlaşdırır, bəziləri isə sosial şəbəkələr üçün yaş həddinin sərtləşdirilməsini gündəmə gətirir. Bəs Azərbaycanda 16 yaşa qədər uşaqlara smartfon və sosial şəbəkə məhdudiyyəti tətbiq olunsa, bunun nəticələri necə olar?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı EDnews-a açıqlama verib.
Sosioloq Elçin Bayramlının fikrincə, son illərdə uşaqların gündəlik həyatında smartfonun dominant alətə çevrilməsi sosial və psixoloji baxımdan ciddi nəticələr yaradır. Ekspert hesab edir ki, uşağın inkişaf dövründə nəzarətsiz rəqəmsal mühitə daxil olması onun diqqətinə, ünsiyyət bacarıqlarına və emosional inkişafına təsir göstərir.
Onun sözlərinə görə, 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə aktiv olması çox vaxt yaşlarına uyğun olmayan məlumatlarla qarşılaşma riski yaradır:
“Bu gün bir çox ailədə uşağın sakit qalması üçün ona telefon verilir. Amma bunun görünməyən tərəfi var. Uşaq real ünsiyyətdən uzaqlaşır, ailə və dostlarla əlaqələr zəifləyir, diqqət müddəti azalır. Sosial şəbəkələr uşaqlar üçün təkcə əyləncə deyil, həm də davranış və düşüncə formalaşdıran platformaya çevrilib".
Sosioloq bildirib ki, burada əsas məqsəd texnologiyanı tam qadağan etmək deyil, yaşa uyğun və balanslı istifadə mədəniyyəti yaratmaqdır:
“Uşağın rəqəmsal aləmdən tam uzaqlaşdırılması düzgün deyil. Amma smartfonun nəzarətsiz istifadəsi gələcəkdə asılılıq, sosial təcrid və təhsil göstəricilərində zəifləmə yarada bilər. Valideyn nəzarəti və yaş məhdudiyyətləri müzakirəyə açıq məsələdir".
Ekspert hesab edir ki, uşaqlar üçün sosial şəbəkə hesablarının açılması zamanı yaş təsdiqi mexanizmlərinin gücləndirilməsi, məktəblərdə rəqəmsal savadlılıq dərslərinin artırılması və valideyn maarifləndirilməsi daha effektiv nəticə verə bilər.
Sosioloq Elçin Bayramlı hesab edir ki, bu məsələdə bütün məsuliyyəti uşaqların üzərinə qoymaq düzgün deyil və əsas rol valideynlərə məxsusdur. Ona görə əksər hallarda günahkar valideynlərdir.
Onun sözlərinə görə, uşaqların erkən yaşdan smartfon və sosial şəbəkə asılılığına düşməsində ailə nəzarətinin zəifləməsi əsas amillərdən biridir:
“Bu gün uşaqlar texnologiyanı özləri seçmir, onlara bu imkan yaradılır. Bir çox hallarda valideyn rahatlıq üçün uşağın əlində telefonu daimi məşğuliyyət vasitəsinə çevirir. Sonra isə uşağın sosiallaşmadığını, dərslərə marağının azaldığını və ekran asılılığını tənqid edir. Burada məsuliyyətin böyük hissəsi valideynlərin üzərinə düşür".
Ekspert bildirib ki, qadağalardan daha vacib məsələ ailə daxilində istifadə qaydalarının formalaşdırılmasıdır:
“Uşağa telefon verməkdən çox, onun necə və nə qədər istifadə etdiyinə nəzarət etmək vacibdir. Əgər valideyn özü saatlarla ekran qarşısındadırsa, uşaqdan fərqli davranış gözləmək çətin olur”.








