Məlumdur ki, güclü lazer yalnız texnikaya deyil, həm də sağlamlığa zərər vura bilər. Çində keçirilmiş lazer şousu güclü şüanın sevimli qacetlərə təsirindən sonra hansı nəticələrin ola biləcəyini əyani şəkildə göstərib.
Ednews xarici mənbəyə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Sinsyan şəhərində parlaq və kifayət qədər güclü lazerlərdən ibarət qeyri-adi atəşfəşanlıq nümayiş etdirilib.
Hadisə izləyənlərin marağına səbəb olduğundan adi atəşfəşanlıqda olduğu kimi bu lazer şousunu da insanlar öz smartfonlarının kameralarına çəkib.
Bildirilib ki, lazer partlayışları şounun dörd ziyarətçisinin kameralarının matrislərini zədələyib. "Zərərçəkmişlər” in dediklərinə görə, belə bir hadisənin baş verə biləcəyini düşünməyiblər. Belə ki, lazerlər cihazların sensorlarını sözün əsl mənasında yandırıb. Onların fikrincə, tədbir təşkilatçıları bu barədə ziyarətçilərə öncədən məlumat verməli idilər.
Qeyd edək ki, zərərçəkmişlərin dördü də “apple” istifadəçiləri olub. Onlar artıq matrisləri digərləri ilə əvəz etsələr də təşkilatçılardan narazı olduqlarını da gizlətməyiblər.
Ülviyyə Fərhad