"Onun varlığı mənə bütün müəllimləri sevdirdi" Bahar Muradova

Cəmiyyət 14:55 19.07.2019

BİRİNCİ KİTAB...


(söz vaxtına çəkər)

1967-ci ilin iyul ayı olardı. Dəqiq günü xatırlamıram. Hər zaman olduğu kimi, hamımız üçün günün ən yadda qalan hadisəsi baş verdi. 
Yuxarı darvaza cırıldayaraq açıldı, qayıdıb çırpılmasından atamın yenə də əlidolu gəldiyini yəqin elədim. Tez üzüyuxarı onun qarşısına qaçdım. Hər zamanki kimi yayın, xüsusilə də avqustun cırhacırı olmasına baxmayaraq çox xoşladığı qəhvəyi rəngli pencəyi əynində, təxminən elə həmin rəngdə olan kepkası da başında idi. 
Sağ əlində dükan-bazardan aldığı müxtəlif ərzaqlarla dolu tünd rəngdə tordan içini doldurduqca genişlənən torba, sol əlində isə sinəsinə çıxdığı uzunsov, ilk andan əlvan rəngi ilə diqqətimi çəkən kitab var idi.


Hər zamanki kimi əlimi ağır yükə tərəf uzatdım.
- Yox gücün çatmaz mənim balam, daha yaxşı olar kitabı götür dedi və onu mənə uzatdı.
- Mən də sevincək kitabı aldım. Baxmayaraq ki, oxumağı bacarmırdım, uşaq kitabıdır, deyə soruşdum.
- Yox bu hamı üçündür, çünki hər şey bundan başlayır, bacın Rahilə üçün almışam dedi, axı bu il məktəbə gedəcək.
Artıq evimizin qarşısındaki kiçik meydançaya açılan aşağı darvazadan içəri keçəndə anam və digər bacılarım da atamı qarşılamağa çıxmışdılar. 
Bu bir yazılmamış və heç kəsin, heç bir pozmağa cəhd etmədiyi bir qayda idi. Yaşından və həmin anda nə ilə məşğul olmasından asılı olmayaraq hər kəs atamı qarşılamaq üçün ayaqda olmalı idi. Mərkəzdə anam, ətrafında isə digər ailə üzvləri, bacı və qardaşlarım, atamın pişvazına çıxmışdılar. 

Mənsə özümü bir başqa cür hiss edirdim. Atamın sözlərini tam anlaya bilməsəm də hamı üçün olan kitabı mənə verdiyi üçün məmnun idim.


* * *


Sanki bu qarşılanma ondan çox mənə aid idi. Bu zaman atamın heç zaman heç kimlə dəyişik salmadığım səsi məni sanki yuxudan oyatdı. Qızım, sənə əlifba kitabı almışam, götür bax dedi. 


Rahilə məndən 2 yaş böyük idi. Çox astagəl, bizim hamımıza nisbətən bir az qaraqabaq idi. Ətrafda baş verənlərə reaksiyası və münasibəti də fərqli idi. Valideyinlərimiz də onunla hər zaman bir az ehtiyatla davranır, sanki onu incitməkdən çəkinirdilər. Hər hansı bir işin dalınca daha çox məni göndərər, çox nadir hallarda ona bir tapşırıq verərdilər. Odur ki, aramızda gizli bir rəqabət var idi. Mən nə qədər çalışaraq özümlə ona eyni münasibət bəslənməsinə nail olmaq istəsəm də bu mümkün olmurdu. 
Bu dəfə də belə oldu. Kitabı onun üçün almışdılar. 


Kitabla birgə sanki, sevincimi də əlimdən aldılar. Amma özümü onda qoymayıb kitabı bacıma uzatdım. O özünəməxsus ciddiyyətlə kitabı göstürdü. Amma mənə elə gəldi ki, mənim qədər bu kitabın gəlişinə sevinmir. Onda niyə mənə yox, ona sualıma sonralar cavab tapacaqdım. Çünki o məndən yaşca böyük idi və məktəbə də məndən 2 il tez gedəcəkdi. Hələliksə bunu özümə qarşı bir ədalətsizlik kimi qəbul edirdim. Ürəyimdə hətta atamdan incimişdim də. 


Hərə bir işlə məşğul idi. Anam bazarlığı yerbəyer etməklə yanaşı digər bacıma atamın pencəyini və kepkasını tutmağı tapşırdı. Məni isə su dalınca göndərdilər. İri şüşə fincanda sərin su gətirdim. İndiyə kimi gözümün önündədir. Təxminən yarım litr su tutan fincanı başına qaldırdıqca mən də aşağıdan yuxarı onun ardınca baxır, fincan boşaldıqca sanki onun da sərinləndiyini və rahatlandığını hiss edirdim. Sona yaxın su onun çənəsinin hər iki tərəfindən süzülərək onsuz da tərdən islanmış yaxasını isladanda mən qaçıb əl-üz dəsmalı gətirdim. Dəsmalı alıb, fincanı mənə qaytardı. Gülümsəyərək “su qədər ömrün olsun” dedi. Hər dəfə ondan gözlədiyim söz olsa da bu dəfə məni o qədər də sevindirmədi. Kitab məsələsi mənə yaman dəymişdi. Rahilə isə artıq ortalıqda yox idi, kitabı da götürüb evə keçmişdi.


Anam hərəyə bir tapşırıq verir, məni isə sanki heç görmürdü. Artıq mən də öz missiyamı bitirmişdim. Nə hisslər keçirdiyim isə yəqin ki heç kimi maraqlandırmırdı.
Bəzən mənimlə böyüklərlə olduğu kimi rəftar eləsələr də, (əsasən atam) əksər hallarda isə saymazyana münasibəti heç xoşlamırdım. Ona görə tez böyümək, məktəbə getmək, uşaq olmadığımı sübut etmək istəyirdim. Və mənə elə gəlirdi ki, Rahilə ilə bir sinifə getmək istəyimə ona görə qarşı çıxırlar ki, onu məndən ağıllı və üstün bilirlər. 
Mənə görə isə məktəbə getməyə mən ondan daha çox “layiq” idim. Əvvəla yaşımın az olmasına baxmayaraq hamıya əl tutmağı, ehtiyacı olana yardım etməyi ondan daha yaxşı bacarırdım. Xüsusilə də anama bütün işlərində kömək edirdim. Bahar, qaç sarı ləyəni gətir, stolun altındakı yeşikdən iki sıxma duz gətir, qaç bostana pomidorun yaxşı yetişmişindən 2 dənə irisini qır gətir mənə, get təndirxanadan oxlovu və dördayağı (üzərində yuxa yaymaq üçün) mənə gətir. 
Və yaxud: get şüşə fincanı krandan su ilə doldur apar atana, susundan yandı orada.
Hətta böyük bacılarım belə bəzi xırda işlərini mənə gördürürdülər.
Bahar, ay Bahar gəl bu kitabı apar Əzizə xalanın qızı Zöhrəyə ver, gəl! Ya da ki, üzərinə nəsə yazılmış kağız parçasını qardaşım qonşudaki yeniyetmə qıza catdırmağımı məndən pıçıltı ilə xahiş edirdi. Və s. və ilaxır.


Bütün bunların hamısını mən edəndə uşaq olmuram, amma kitabı Rahiləyə alır, məktəbə də onu göndərəcəklər. Yox, nəyin bahasına olur-olsun mən də məktəbə gedəcəyəm, o kitabı da ondan əvvəl mən oxuyacağam deyə özümə söz vermişdim. Özü də Oktu müəllimənin sinfinə gedəcəyəm. 
Oktu müəllimə də Nənəş xala kimi bizim günəşə baxan tərəfdə yaşayan qonşumuz idi. Əgər Nənəş xala gilə keçmək üçün aramızda xüsusi keçid var idisə onlarla bizi təxminən 1,5 metrlik hundur divar ayırırdı. Və anam onlara yalnız Nənəş xalanın həyətinə düşməklə, daha sonra isə onların arasındakı xüsusi qapıdan keçməklə gedə bilərdi. Amma onu da deyim ki, Oktu müəlliməgilə elə də çox gediş-gəlişimiz yox idi. Əvvəla ona görə ki, o ibtidai sinif müəlliməsi idi. Günün əsas hissəsini məktəbdə keçirirdi. Evləri həyətin lap aşağı başında olduğu üçün və həyətlərində çoxlu hundur ağaclar və müxtəlif bostan bitkiləri olduğu üçün mən nə qədər boylansam da onu çox az-az hallarda yaxından görə bilirdim. Amma bir necə dəfə ona olan marağımı duymuş və hələ də unuda bilmədiyim bir səmimiyyətə mənimlə qısa söhbət etmişdi:


- Qızım adın nədir?
- Bahar 
- Nə gözəl adın var, necə yaşın var?
- 5 olub, 6-ya keçmişəm.
- Hə, onda hələ mənim sinfimə gəlməyinə 2 il qalıb.
- Amma mənim boyum Rahilədən hündürdür.
- Rahilə kimdir ki?
- Mənim bacımdır, məndən 2 yaş böyükdür. Amma mən də onunla birlikdə məktəbə gedəcəyəm. Məni də götürərsinizmi? 
- Hələ bir az da böyü əlbəttə ki, götürərəm.

Artıq razılığını almışam, deməli bir az da böyüsəm götürəcək. odur ki, böyüməliyəm, deyə özümə söz vermişdim. Rahilə ilə yalnız mənə məlum olan rəqabətim isə daha çox bununla bağlı idi.

Oktu müəllimənin şəfqət dolu gözləri, bəyaz, uzunsov sifəti, ortadan ayrılaraq, yanlardan geriyə doğru daranmış düz, hamar saçları, hündür boyu və mənə görə hər kəsi ram edəcək inamlı səsi var idi.

Geyimi isə digər qonşularımızdan fərqli idi. Bax əsil müəllimə belə geyinməlidir deyə düşünərdim. Baxmayaraq ki, evdədir, yenə müəllimə kimi geyinib. Mən də böyüyəndə onun kimi geyinəcəyəm. Amma heyif ki, saçlarım qıvrımdır və mən heç zaman onun kimi hamar saçlı olmayacağam. 
Görəsən onun adı niyə belə qəribədir? Sualıma isə çox sonralar cavab tapacaqdım. Və biləcəkdim ki, valideyinləri ona Oktyabr adını vermişlər və elə onlar da hər zaman onu belə çağırdıqlarından hər kəs ona Oktu kimi müraciət etmişdir. Gələcək müəlliməmin bütün hərəkətlərini izləmək və imkan düşdükcə onunla yenə söhbət etmək üçün tez-tez aramızdakı çəpərin başına gələrdim. Bizi ayıran metr yarımlıq torpaq səddin qarşısında Oktu müəllimənin həyat yoldaşı İbrahim kişi (ona hər kəs İrbahım deyərdi) bu torpaq səddin uçmaması üçün onun qarşısında çoxlu gavalı və alça ağacları əkmişdi. Gövdələri hasar rolunu oynayırdı. Yuxarı budaqları isə yazda ağappaq çiçəklə, yayda isə turş meyvələrlə dolu olardı. Oktu müəllimə isə elə İrbahım kişinin səbrlə yığdığı həmin meyvələri bişirər, daha sonra nazik lavaşlar düzəldər və onları paltar kimi iplərin üstünə sərərdi. Quruduqdan sonra yığılan bu lavaşlardan qışda turşu kimi istifadə edərdilər yəqin. Bunu bilirdim ona görə ki, mənim anam da belə lavaşlar hazırlayanda mən də onun yanında olar və buyuruğuna baxardım. Amma mənim üçün Oktu müəllimənin lavaşları daha maraqlı idi. Düşünürdüm ki, görəsən onun bişirdiyi yeməklər anamınkılardan nə ilə fərqlənir.


Oktu müəllimənin iki oğlu, Nəcibə, Zərifə və Aybəniz adlı üç qızı var idi. Məndən çox böyük olduqlarına və onlar da Bakıda oxuyub, işlədiklərinə görə çox az-az həyət bacada görünərdilər. Uşaq yaddaşımda bu həyətdə bir neçə dəfə toy mağarının qurulması qalıb. 
Toy yeməklərinin bişirilməsi üçünsə yenə Nənəş xalanın həyəti, onun böyük mis qazanları, tiyanları və sinilərindən istifadə olunurdu. O qədər böyük ürəklə bu işə qoşulardı ki, sanki Nənəş xalanın öz övladlarının xeyir işiymiş kimi. Xatirimdədir anam yaşıl gülməxmərdən olan paltarını açıq qəhvəyi rəngli kəlağayısını, kvadrat şəkilli hündür dabanları olan qara lak ayaqqabısını geyinərək, “burdan-bura çox gec oldu, yaman ayıb oldu mənim üçün Oktu müəllimənin yanında” deyərək evdən çıxdığı. Təbii ki, Oktu müəllimə ilə yenə söhbətləşmək imkanı olacağını düşünərək məni də aparmasını istəsəm də bu barədə ona heç nə demədim. Onsuz da bilirdim ki, “qız uşağı hər yerə getməz” deyə etiraz edəcək. Amma kiçik bacımı mütləq şəkildə aparacaqdı ki, evdə narahatlıq salmasın. Bu dəfə də belə olmuşdu. 
Mənə isə bir-birini əvəz edən musiqi sədaları altında Oktu müəllimənin ailəsindəki toy mərasiminin də tam fərqli olduğunu düşünmək qalırdı. Bilmirəm nəyə görə amma bu toya mən yaman sevinirdim. 


Anam yenə əvvəl Nənəş xalagilin həyətinə, oradan da toy evinə keçdi. Toyda bişən plovun iyi isə bütün ətrafı bürümüşdü. Hələ axşamacan belə olacaqdı. Zurna balaban səsi və plov iyi. Bir də anam evə gələndə kəlağayısının küncündə rəngli kağızlardan tikilmiş torbalarda toy şirniyyatı gətirəcəkdi. Xatirimdədir, 2 ədəd adi dördkünc peçenye və bir neçə karamel konfet bu rəngli kağızlardan tikilmiş torbalarda sanki dadını və mahiyyətini dəyişir, qeyri adi hisslər aşılayırdı. Bu toyda iştirak edənlərin hər birinin ailəsinə bu şənlikdən, oradakı əhval-ruhiyyədən bu kağız torbalar vasitəsilə pay göndərilir, hər bir evdə yeni qurulan ailəyə xoşbəxtlik arzuları dilənirdi. 
Yox, gərək mən heç nəyə baxmayaraq toya gedərdim. İndi Oktu müəllimə çox sevincli olduğu üçün yəqin ki, mənim də məktəbə getməyimə razılıq verərdi. Bir də ki, çoxlu şerlər və mahnılar bilirəm. Ona söyləsəm mütləq məni öz sinfinə götürəcək. 


Beləcə bütün günümü bu düşüncələrlə, çəpər boyu var-gəl etməklə keçirdim. Axşama yaxın anamın səsini eşitdim
- Bahar, ay Bahar!
Tez gilənar ağacının yanına qaçdım. Anam kiçik bacımı əllərində qaldırıb yuxarıya qoydu. Sonra özü qalxdı.
- Atan işdən gəlibmi?
- Xeyr, hələ yoxdur dedim.
- Lap yaxşı, onda gedək evə deyib, başımı sığalladı.
Birdən – sən bayaqdan buradasan, evə getməmisən?
- Sizi gözləyirdim cavabıma isə narazı halda başını buladı.
- Yaxşı, gəl görüm deyib hər ikimizin əlindən tutdu.


Mənsə başımı qaldırıb onun üzünə baxmağa cəsarət etmirdim. Bilirdim ki, acıqlanıb. Odur ki, kirimişcə evə doğru addımlasam da. Görəsən Oktu müəllimə ilə mənim barəmdə danışıbmı, görəsən bu barədə soruşummu deyə düşünürdüm. 


Bir azdan kəlağayının küncü açıldı, kağız torbalar paylandı. Biz toy şirniyyatını ləzzətlə yeyərkən atamla anam nə haqdasa qızğın danışırdılar. Anamsa hələ paltarını dəyişməmişdi. Və mən çox istəyirdim ki, o bir az da bu geyimində qalsın. Çünki toy libası ona çox yaraşırdı. Ala-toran yadıma gəlir ki, deyəsən atamla həm də bu barədə danışırdılar. Və tez-tez də ürəkdən qəhqəhə çəkib gülürdülər. Məni narahat edən sual isə yadlarına düşmürdü. 
Yəqin ki, bu hal bir neçə dəfə baş vermişdi. Anam bu həyətdəki toyların hər birinə təxminən elə bu dəfəki kimi getmişdi, gəlmişdi, təəssüratlarını bax beləcə atama danışmışdı. Və yəqin ki, atam da belə günlərdə xüsusilə gözəl görünən anama çoxlu gözəl sözlər demişdi. Əks halda niyə bəzən pıçıltı ilə danışır, bir-birlərinin qulağına nə isə deyir və hərdən anam da “ay kişi yaxşı sən allah” deyərək bizə tərəf işarə edirdi?


Bütün bu söylədiklərim əlbəttə ki, dəfələrlə olmuşdu.


Mənim xatirəmdə isə ən çox qalan bu dəfəki idi. Kitabın gəlişiylə bu hadisə lap yaddaşıma hopmuşdu. Gecəm-gündüzüm yox idi. Bütün günü Rahiləni izləyir, kitabı hara qoyduğunu öyrənir, evdən çıxmasını gözləyir daha sonra oradan götürür, sanki onu oxuyurmuş kimi öz-özümə bildiklərimi ucadan söyləyirdim.
Bir neçə dəfə isə kitabı cırarsan deyə əlimdən aldığı üçün az qala bütün günü ağlamışdım. Yuxarı siniflərdə oxuyan bacı və qardaşlarımdan hərfləri və oxumağı öyrətmək üçün etdiyim xahişlərlə onları bezdirirdim. Bir çox hallarda əlifba kitabı əlimdə çarpayının altında məni yatmış vəziyyətdə tapdıqlarını da xatırlayıram. Bu zaman məni ciddi şəkildə danlasalar da bu hal dəfələrlə təkrarlanırdı. Oxumağı öyrənmək, məktəbə getmək həvəsi bütün uşaqlığımı əlimdən almışdı. Bu minvalla çox keçmədi ki, sərbəst şəkildə oxumağı öyrəndim. Artıq Rahilənin Əlifba kitabını oxuyub sona çıxmışdım. Uşaq olmadığımı, məktəbə getmək haqqımın olduğunu sübut eləmişdim. 
Mənim bu qeyri-adi bacarıq və istedadım haqda hər kəs xəbər tutmuşdu.


Evdə, bayırda əlimə nə düşürdüsə, qəzet, kitab acgözlüklə oxuyurdum. İlk olaraq digər bacı və qardaşlarımın bütün dərslikləri, xüsusilə ədəbiyyat və müntəxəbatları oxuyub başa çıxmışdım. Bir dəfə isə “Molla Nəsrəddinin lətifələri” adlı kitab əlimə düşmüşdü. Bir çox lətifənin mənasını anlamasam da nəinki onları oxumuşdum, hətta bütün kitabı əzbərləmişdim. Hara gedirdimsə hamı məni yoxlamaq, deyilənlərin doğru olduğuna inanmaq üçün məni sınayır, bu və ya digər mətni oxudur, lətifələrdən bir neçəsini danışmağımı istəyirdilər. 


Artıq istədiyimə nail olmuşdum. Mən uşaq deyildim. Böyüklərlə daha çox ünsiyyətdə olurdum. Ən əsası isə bu haqda xəbər Oktu müəlliməyə də gedib çatmışdı. 
Bir dəfə isə atam yenə çəpərin başında İrbahım əmi ilə söhbət edərkən məni yanına çağırdı. İndiki kimi xatırlayıram. O mənə hər zaman həyətlərinin ortasında diqqətimi çəkən bir üzü sarı, bir üzü qırmızı, sanki əldə düzəldilmiş kimi çox gözəl görünüşü olan bir armudu uzadaraq “qızım deyirlər sən artıq oxumağı bacarırsan, doğrudurmu,” deyə soruşdu. 


Doğrudur, amma məktəbə getməyə yaşım çatmır dedim. 
- Əvəz, Oktu müəllimə də mənə bu barədə deyib, bəlkə o biri qızla birgə bu qızımızı da məktəbə göndərəsən dedi:
- Yox ay İrbahım kişi, kitaba marağı çox olsa da yaşı çox azdır. Qorxuram xəstələnib eləyər. Qoy böyüsün, vaxtı çatsın sonra.
Sanki dünya başıma fırlandı. Armudu yerə atıb evə qaçdım. 


Rahiləyə çox acığım tutmuşdu. Sanki bütün bunlara yeganə səbəb o idi. Nə qədər ağladığımı xatırlamıram. Amma bir onu bilirəm ki, heç kəsi görmək istəmirdim. Hər gün Rahilə oyanıb dərsə hazırlaşanda ürəyimdən qara qanlar axırdı. Hər oxuyub öyrəndiyini yaxud yazılarını kiməsə göstərəndə mən özümə bir şeylə təskinlik verirdim. Mən onsuz da bütün bunların hamısını bilirəm. 


Oktu müəllimədən də incimişdim. Axı mən ondan xahiş etmişdim ki, məni də öz sinfinə götürsün. Mənə elə gəlirdi ki, əgər o atamla ciddi danışıb onu inandırsaydı, indi mən də hər gün dərsə gedər və onun ən yaxşı şagirdi olardım. Amma o bunu istəmədi. Niyə, bilmirəm. Mənə görəsə o dünyanın ən gözəl müəlliməsi idi.
Xatirimdədi hər gün məktəbə getmək istəyi ilə törətdiyim narahatlıqlara görə bir neçə dəfə məni də Rahiləyə qoşub məktəbə göndərdilər. Birinci dəfə məktəbə getdiyim günü heç zaman unutmamışam. 


Rahilə ilə birgə bütün ev tapşırıqlarını özüm üçün götürdüyüm dəftərə yazmış, şifahi tapşırıqları isə öyrənmişdim. Sinifdə artıq parta olmadığı üçün bacımın yanında oturmuşdum. Uşaqlar da mənə çox maraqla baxırdılar. Hətta mənə atmaca atanlar da var idi. Bu zaman Oktu müəllimə içəri daxil oldu. Hamı ayağa qalxdı, mən də onlarla birgə. Uşaqlardan kimsə dərhal “müəllimə sinfimizə təzə uşaq gəlib” dedi. 


- Həə, yaxşı əyləşin. Kimdir yeni uşaq ayağa qalxsın görüm dedi:
- Mənəm deyib ayağa qalxdım. Kimsə müəlliməyə bu Rahilənin bacısıdır, dedi.
Oktu müəllimənin üzünü təbəssüm bürüdü. Mənə yaxınlaşıb sehrli əlləri ilə başıma sığal çəkdi. “Xoş gəlmisən” dedi: və üzünü uşaqlara tutub, “bilirsiniz uşaqlar, mən Baharı yaxşı tanıyıram, o mənim qonşumdur, oxumağı bacarır, bu günsə yəqin ki, bizə qonaq gəlib.”
İndi isə dərsə başlayırıq və bir azdan ondan da dərs soruşacağam. 
Çox həyəcanlı idim. Bir azdan Oktu müəllimə mənə yaxınlaşdı, aç görüm dəftərini dedi. Yazılarıma baxdı, ana dilindən ev tapşırığı olan mətni oxumağımı istədi. Mən nağıl kimi də danışa bilərəm dedim. 
- Buyur, əvvəlcə oxu, sonra danış görüm. 
Mətni çox səlis və rəvan oxumağım onu çox təəccüblədirdi. Çox gözəl dedi:
- İndi isə yadında qalanı danışa bilərsənmi dedi:
- Əlbəttə dedim və dərhal danışmağa başladım.
- Sən mətni bütövlükdə əzbərləmisən ki, qızım çox yaxşı. Sonra isə üzünü uşaqlara tutub
- Görürsünüz, onun 5 yaşı var, amma sizin hamınızdan daha yaxşı oxumağı bacarır. Demək ki. Hər kim istəsə və çox çalışsa bu mümkündür. Sonra isə üzünü mənə tutub.
- Əyləş sənə “5” yazıram dedi.


Dəftərimi götürüb qırmızı qələmlə çox səliqə ilə “5” rəqəmini, yanına ilə əla sözünü yazdı. 
Həmin gündən ən çox yaddaşıma hopan bu anlar oldu. Bütün günümü məktəbdə keçirdim. Dərslərdə iştirak etdim. Əsas tamaşa isə evə gələndən sonra başladı. Dil-boğaza qoymadan danışır, hər gün məktəbə gedəcəyim barədə iddialarımı qəbul etdirməyə çalışırdım.


Qısası belə hallar bir neçə dəfə təkrarlandı. Səhərlər yuxundan hamıdan tez oyanır və bacımla birgə məktəbə getmək üçün hay-küy qoparır, bəzəndə buna nail olurdum. 
Artıq Rahilə 2-ci sinifdə oxuyurdu. Və sinif müəlliməsi dəyişmişdi. Mənim ərköyünlüyümü yeni müəllimənin sərt üzü qarşıladı. Bura məktəbdir, uşaq bağçası deyil deyə bir daha məni məktəbdə görmək istəmədiyini dedi. Nə vaxt yaşın çatar onda gələrsən deyə məni geriyə, evə göndərdi. 


Bununla da ailəmizin və xüsusilə də Rahilənin problemlərinə son qoyuldu. Yalnız 2 ildən sonra yenidən Oktu müəllimənin sinfinə əlimdən tutub gətirdilər. Artıq əvvəlki həvəsim yox idi. Və Oktu müəllimə də mənə yaxınlaşmır, sən artıq hər şeyi bilirsən deyib digər uşaqlarla məşğul olurdu. 


Sinfimizdə isə 42 uşaq var idi. Çünki, hər bir valideyn öz uşağını məhz onun sinfinə qoymaq istəyirdi. Elə bizim üçün də və şəxsən mənim üçün ən gözəl müəllimə məhz o idi. Və o bizə qonşu idi. Digər uşaqlardan fərqli olaraq mən onu həm məktəbdə, həm də evdə görmək imkanım var idi. Və mən çox xoşbəxt idim. 
Doğrudur o mənə əlifbanı, oxuyub yazmağı öyrətmədi. Amma onun varlığı mənə bütün müəllimləri sevdirdi. Gözəl siması, mehribanlığı və şəfqəti, ciddiyyəti və səliqə-səhmanı ilə heç bir zaman pozulmayacaq əsil müəllim obrazını beynimə həkk elədi. 


İlk uğurum sayılan texnikuma daxil olduqdan sonra rayona gedərkən yanına çağıraraq təbrik etməsilə də məni unutmadığını və uğuruma sevindiyini söyləməsiylə onun haqqında yanılmadığımı mənə sübut etdi. 


İndi Oktu müəllimə bu həyatda yoxdur. İlk dəfə onu gördüyüm və cazibəsinə düşdüyüm o həyət də yoxdur.
Ağ duvaq geyinmiş qızlarını göz yaşını silə-silə yola saldığı o ev, o pilləkən də yoxdur.
Ay Suma, sən allah qızların dərsləri necədir, yaxşı oxuyurlarmı deyən qayğılı səsi isə hələ qulaqlarımdadır. 
Bahardan muğayat olun, onun yaxşı gələcəyi var deməsi isə əldə etdiyim bütün uğurların ilk təməl daşıdır. 


Ruhun şad olsun Oktu müəllimə! Mənim üçün hər zaman müqəddəs olan xatirən qarşısında ehtiramla baş əyirəm.

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Hamısı