"Şamaxı şəhər sakini Şəhla Səttar qızı Veyisovanın övladlarına əlillik dərəcəsi təyin edilməməsi barədə bəzi media orqanlarında dərc olunmuş şikayəti araşdırılarkən əslində onun üç övladının hər birinə əlillik dərəcəsi təyin edildiyi müəyyən olunub".
Eurasia Diary xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Ş.Veyisovanın şikayəti ilə bağlı mətbuatda dərc olunan informasiyalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ş.Veyisovanın böyük övladı Veyisov Kamran Bəxtiyar oğlu (25 yaş) üçüncü dərəcə əlilliyi olan şəxs kimi bir neçə ildir ki, aylıq müavinətlə təmin edilir.
"Ortancıl övladı Veyisov Kənan Bəxtiyar oğluna (23 yaş) 22 iyul 2019-cu il tarixdə, kiçik övladı Veyisova Kəmalə Bəxtiyar qızına (19 yaş) isə 03 iyul 2019-cu il tarixdə ikinci dərəcə əlillik təyin edilib. Ş.Veyisovaya övladları Kənan və Kəmaləyə əlillik dərəcələri verilməsi barədə elə iyul ayında elektron qaydada ismarıc göndərilsə də, o bundan xəbərsiz olub. Bu səbəbdən Ş.Veyisova yeni əlillik təyin edilmiş iki övladına əlilliyə görə müavinət təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şamaxı rayon şöbəsinə də müraciət etməyib. Lakin buna baxmayaraq, DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən elektron sistemdən alınmış məlumat əsasında Ş.Veyisova ilə əlaqə saxlanılıb. Ona övladları Kənan və Kəmaləyə əlillik dərəcələri təyin edildiyi bildirilib. Beləliklə, Ş.Veyisovanın digər iki övladının da əlilliyə görə aylıq müavinətlə təminatı həyata keçiriləcək", - deyə F.Talıbov bildirib.