Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətini məsafədən təşkil edib.
EdNews xəbər verir ki, bu barədə idarədən APA-ya verilən məlumata görə, BŞTİ rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda video-konfranslar təşkil olunur.
Video-konfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və ümumi təhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir.
Qeyd edək ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.