İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyev koronavirusa yoluxub.
EDNews.net-in məlumatına görə, o yerli KİV-ə açıqlamasında etiraf edib ki, əvvəllər virusun varlığına inanmayıb. Dediyinə görə, infeksiyaya pul üçün banka gedəndə yoluxa bilərdi.
“Heç özüm də bilmirəm, virusa necə yoluxmuşam. Mən və ailəmiz özümüzü qoruyurduq. Karantin qaydaları yumşaldılıb, çölə çıxdıqdan sonra virusa yoluxdum. Özümüzü dəhşətli dərəcədə qoruyurduq. Martın 7-dən Dərbənd Teatrından gəlmişəm. Evə qapanmışdıq, özümüzü izolyasiya etmişdik”,-deyə sənətçi bildirib.
Rejissorun sözlərinə görə, onda başqa xəstəliklər də olduğundan vəziyyəti ağırdır: “Mən ürək və şəkər xəstəliyindən də əziyyət çəkirəm. Ona görə vəziyyətim bir az ağırdır. Dünəm reanimasiyada idim, bu gün palatadayam, özümü yaxşı hiss etməyə başlamışam. Ötən günə qədər çox qorxu-həyəcan keçirirdim. Bu gün artıq rahatam.
Beş gün yüksək temperaturdan əziyyət çəkdim. Əməkdar artist Şəfəq Əliyeva da koronavirusa yoluxmuşdu. Ona zəng elədim, dedi ki, yubatma, müalicə edəcəklər, hər şey yaxşı olacaq. Tez zəng elədim və müalicəyə başladılar”. (virtualaz.org)