Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından başlayaraq ölkə ərazisində havalar kəskin soyuyacaq.
Verilən məlumata görə, yaxın bir neçə gün ərzində ölkə ərazisində güclü külək əsəcək və sulu qar və qar yağacaq.
Bəs, Bakı qışa hazırdırmı?
Bu sualla Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdik.
Qurumdan EDNews.net-ə bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib və bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb.
BŞİH-dən həmçinin bildirilib ki, güclü qar yağan vaxtı onun təmizlənməsi məqsədilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin xüsusi texnikaları, o cümlədən müvafiq qurumların texnikaları səfərbər olunacaq:
"Bu məsələlərə yaradılmış xüsusi qərargah nəzarət edəcək. Həmçinin, yollardan qarı təmizləmək üçün duz ehtiyatı da görülüb".