Bir müddət əvvəl xərçəng xəstəliyi aşkarlanan və Türkiyədə müalicə olunan tanınmış jurnalist Səbinə Əvəzqızının müalicə prosesi yekunlaşır.
Ednews xəbər verir ki, bu barədə jurnalist feysbuk hesabında yazıb. Onun sözlərinə görə, hazırda şüa terapiyası davam etdirilir:
“Xərçəng xəstəliyim ilə bağlı 10 aydan çox sürən müalicə prosesinin demək olar ki sonuna yaxınlaşırıq. Necə keçdi bu müddət? Asan olmadı. Kimya terapiya və onun xarici görünüşdə yaratdığı fəsadlar, 6 saat sürən çətin əməliyyat, hazırda davam edən şüa terapiyası... Amma bu çətinlikləri mənim və ailəm üçün asanlaşdıran, müsbət nəticələrə çatmaq imkanı yaradan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya xüsusi təşəkkür edirəm. Çox səmimi sözlərimdi, mən bu diqqətdən yerdən-göyə kimi məmnunam”.
O qeyd edib ki, son 10 ayda Türkiyədə aldığı müalicə üçün nə lazımdırsa, nə mümkündürsə hamısı edilir. Jurnalist buna görə müalicəsinə dəstək olan Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Jurnalist fondun onu daim diqqətdə saxladığını, xəstəxanada olarkən fond nümayəndələrinin ona gül dəstələri göndərdiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, S. Əvəzqızının müalicəsi üçün böyük məbləğ tələb olunduğundan ailəsi bunu qarşılaya bilmirdi. Bu səbəbdən ölkənin media qurumlarının rəhbərləri, millət vəkilləri, bir qrup ictimai xadim onun səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Tanınmış jurnalist müalicə üçün Türkiyəyə göndərilmişdi.