Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Türkiyənin Akkreditasiya Agentliyi (TÜRKAK) ilə konsaltinq və təlim üzrə müqavilə imzalayıb.
Ednews xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Əldə olunmuş razılığa əsasən, akkreditasiya qurumlarına tələbləri müəyyən edən ISO/IEC 17011:2017 beynəlxalq standartını TÜRKAK-ın AzAK-da tam tətbiq etməsi və qurumun texniki potensialının gücləndirilməsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub.
AzAK-ın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması qurumun beynəlxalq akkreditasiya təşkilatlarına həqiqi üzv qismində qəbuluna və akkreditasiya olunan uyğunluğu qiymətləndirən qurumların qiymətləndirmə nəticələrinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq. Bununla da, AzAK akkreditasiya olunacaq uyğunluğu qiymətləndirən qurumların göstərdiyi xidmətlərin beynəlxalq səviyyəyə çatdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin dəqiqliyinin artırılmasını təmin edəcək.