"Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) son vaxtlar çox ciddi işlər görür. Birinci və İkinci Qarabağ müharibəsi zamanı, 2016-cı ildə Aprel hadisələrində və sonra, ilk dəfə fosfor bombasından istifadə edilməsi faktını məhz BAMF Əl-Cəzirə vasitəsilə dünya ictimaiyyətinə yaydı".
Bu sözləri millət vəkili Arzu Nağıyev Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Əl-Cəzirə arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimində deyib.
"Son illər Umud Mirzəyevin rəhbərliyi ilə BAMF-ın fəaliyyəti Azərbaycan dövləti tərəfindən atılan addımlarla vəhdət təşkil edir. Hərbi jurnalistikanın inkişafı sahəsində Əl-Cəzirənin göstərdiyi etalonluq bir dərsdir. Dünyada, eləcə də son vaxtlar Ukraynadakı hadisələrdə bütün istiqamətdə hərbi jurnalistikanın nədən ibarət olduğunu Əl-Cəzirə bir daha göstərdi".
Millət vəkilinin sözlərinə görə, Əl-Cəzirə BAMF vasitəsilə, xüsusilə Azərbaycanla bağlı insan haqları məsələsinin dünyaya çadırılmasında böyük rol oynayacaq.
"Buna görə də həm Umud Mirzəyevə, həm də Əl-Cəzirənin burada təmsil olunan nümayəndələrinə bundan sonrakı əməkdaşlıqda hərtərəfli dəstək olmağa hazırıq".