Xəbər verdiyimiz kimi uşaqlar arasında rotavirus sürətlə yayılmaqda davam edir.
Mövsümi xarakter daşıyan bu xəstəlik uşaqlarda yüksək hərarət, qusma, bəzi hallarda isə ishalla müşahidə olunur.
Qonşu ölkələrdə virusun qarşısını almaq məqsədilə peyvənddən istifadə edilsə də ölkəmizdə rotavirus əleyhinə peyvənd tətbiq edilmir.
Məsələ ilə bağlı Ednews-a danışan pediatr Günay Rəsulova Azərbaycanda peyvəndin tətbiqi il bağlı dövlət proqramına təkliflər təqdim edildiyini bildirib.
“Rotavirus əleyhinə peyvəndlər yalnız özəl xəstəxanalarda valideynin istəyinə əsasən vurulur. Ancaq dövlət xəstəxanalarında bu peyvənd hələ də tətbiq edilməyib. Ölkəmizin bütün xəstəxanalarında bu vaksindən istifadə edilməsinə dair təkliflər irəli sürülüb”.
Peyvəndin vacibliyindən danışan həkim hazırda rotavirusun pik yayılma mərhələsində olduğunu vurğulayıb.
Bəs, peyvənddən əlavə virusun qarşısını necə almaq olar?
Pediatr Günay Rəsulova virus əleyhinə ümumi üsullardan danışıb.
“Virusun qarşısı başqa yolla yalnız xəstəylə təması kəsməklə alına bilər. Eyni zamanda gigyenik qaydalara xüsusi riayət olunması, eləcə də əllərin tez-tez yuyulması tövsiyə olunur”.
Sonda pediatr virusun uşaqlar arasında daha sürətlə yayıldığını qeyd edib.
“Nəzərə alaq ki, hava damcı yolu ilə yoluxan bu virus keçicidir. Uşaqdan uşağa ağırlıq dərəcəsi dəyişir. Odur ki, invidual olaraq müalicə profilaktika tədbirləri dəyişir”.
Ləman Abbaslı