Qubada dağ çayının üzərində olan körpü və keçidlər sel səbəbindən zərər görüb.
Ednews xəbər verir ki, Qubada Çağacuğ çayının Rustov İnzibati Ərazi Dairəsinin (İƏD) ərazisindən keçən hissəsində olan çay üzərində quraşdırılmış körpü və keçidlər sel səbəbindən zərər görüb.
Belə ki, Rustov kənd bələdiyyəsinin sədri Aydın Kazımov bu barədə məlumatında " Güclü sel səbəbindən, Xanagah və Bad kəndlərində kəndiçi körpü-keçidlər zədələnmiş, Bad kəndində və Şuqnə yaşayış məntəqəsində körpüləri sel aparıb. Kardaş kəndində olan asma körpünün dirəkləri sel səbəbindən yıxılıb, sel suları körpünün üzərindən keçir. Sakinlərə və təsərrüfatlara ziyan dəyməyib."-deyə bildirib.
Kardaş kəndinin sakinlərinin sözlərinə görə, kəndin rayonla əlaqəsi kəsilib, çayın digər sahilində yerləşən məktəbə şagirdlərin keçməsi mümkün deyil. Kəndin 160 nəfərə yaxın sakini var.
Qeyd edək ki, son vaxtlar şimal zonasında hökm sürən qeyri-sabit hava şəraiti temperaturun enməsinə, yağıntıların çoxalmasına, çaylarda sululuğun artmasına səbəb olub.
Aydın Adıgözəlov, Quba.