Qız uşaqlarının dövlət hesabına təhsil almaları təklif olunur. Bu təklifi deputat Razi Nurullayev parlamentin son iclasında irəli sürərək qeyd edib ki, qız uşaqlarının ali təhsil alması dövlət hesabına ödənilsin. Heç bir qız uşağı ödəniş edə bilmədiyinə görə təhsildən kənarda qalmasın. O, bu problemli məsələni parlamentin plenar iclası zamanı qaldıraraq bu işdə müştərək hərəkət etməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, son illər qızların təhsildən yayınması halı kütləvi hal alıb. Statistikaya görə Bakıətrafı kəndlərdə və regionlarda qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Bəzi rayon və kəndlərdə qızlar yalnız "yoxlamalar" olandan-olana məktəbin qapısını açırlar. Maraqlısı isə məktəblərdə gedən bu neqativ hala müəllimlərlə yanaşı valideynlər də biganədir. Şagirdlərin davamiyyətinə görə məsuliyyət daşıyan müəllimlər də valideynlərlə əlbir olub buna göz yumurlar.
Deputat çıxışı zamanı qeyd edib ki, təklif qəbul edilərsə, bu bir növ qız uşaqlarının təhsil almasına stimul da yaradacaq.
Məsələ ilə bağlı Ednews-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu təklifin indiki cəmiyyət üçün məqbul hesab etdiyini bildirib.
“Çox gözəl təklifdir əlbəttə ki, söhbət həssas və aztəminatlı ailələrdən getsə çox yaxşı olar. Xüsusi olaraq qız uşaqlarına diqqətin artırılması lazımdır ki, regionlarda qızların erkən nigaha cəlb edilməsi, erkən nişanlanma, təhsildən yayındırılmasının qarşısı alınsın. Bu halların qarşısını almaq üçün xüsusi proqramlar tərtib olunmalıdır. Belə olduğu halda valideyndə “onsuz ödənişli fakultəyə qəbul olsan oxutmayacam” anlayışı olmayacaq”.
O, həmçinin bildirib ki, sığınacağa daxil olanların əksəriyyətinin valideynləri onları təhsildən yayındırsa da, qızlarda oxuyub təhsil almaq istəyi var.
“Müşahidələrim onu göstərir ki, sığınacağa daxil olan, burada reabilitasiya keçən qızlar təhsilə çox önəm verir. Amma onlar üçün təhsil vaxt keçirmək üçün bir yerdir. Bəzən görürük ki, valideynlər uşaqları başından edir ki, get məktəbdə ol. Amma uşağın təhsilinə diqqət edilmir. “Pulum yoxdur oxutmayacam” sözləri qızların təhsil almasına ən böyük əngəldir. Qadınlar var ki, müraciət edəndə ərizə yazmaq nədir, adını belə yaza bilmir. Hər bir pis hadisənin kökündə savadsızlıq, təhsilsizlik durur".
Təhsilin hər kəsə xüsusən də qızlara önəmini vurğulayan ancaq "Gender" bərabərliyi əsas tutan Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova səsləndirilən fikirlər, irəli sürülən təkliflərlə razı deyil. O, bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bir çox həssas qrupa daxil olan uşaqlar təhsil haqqından azad ediliblər.
"Ölkədə 16 il əvvəl “Gender (kişi və qadınların) hüquq bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanunun 13-cü maddəsində qeyd olunur ki, dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. Bu hüquqi-normativ sənədlərə əsasən ,”qız uşaqlarının ali təhsil alması məsələsi” dövlət hesabına ödənilməsi, digər tərəfin hüquqlarının pozulması kimi qəbul oluna bilər. Əlbəttə ki, dövlət hər bir gəncin təhsil almasında maraqlıdır və bu istiqamətdə müxtəlif dəstək layihələri həyata keçirir. Eləcə də, Prezident İlham Əliyevin Sərəncamı ilə bir çox həssas qrupa daxil olan uşaqlar təhsil haqqından azad ediliblər. Burada vacib məsələlərdən biri stereotiplərin aradan qaldırılması, qızların təhsil almasına laqeyid münasibətin dəyişdirilməsidir. Bəzən valideynlər oğlanların təhsil almasına, onların özlərini realizə etməsinə daha çox imkanlar yaradırlar, nəinki qız övladlarına. Buna səbəb isə yenə də yanlış təsəvvürlər, gender stereotiplərdir. Biz daha çox bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməliyik".
Ləman Abbaslı