Son zamanlar ən çox şikayətlər avtobusda işləməyən kondisionerlərin çalışmaması haqqındadır. Hər il yay fəslinin gəlişi özü ilə bu problemləri də gətirir. Bu vəziyyətdən ən çox şikayətçi olanlar isə sərnişinlərdir. Çoxlarını bezar hala gətirən kondisionersiz avtobuslarda hərəkət etmək sözün əsl mənasında cəhənnəm əzabını xatırladır.
İsti, havasızlıq, insanların sıxlığı...
Bu hallar sərnişinlərin gündəlik probleminə çevrilib. Sərnişinlər yeni avtobuslara ümid bəsləsələr də, arzularının bu sahədə də puç olmuş hesab edirlər. Çünki kart sisteminə keçid, yeni avtobusların alınması bu problemi qismən həll etsə də, özək olduğu kimi qalır.
Məsələnin aktuallığını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. O, bildirib ki, belə tapşırıqlar daşıyıcı şirkətlərin qarşısına öhdəlik kimi qoyulur:
“Tənzimləyici qurum olaraq BNA müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə yay mövsümünə keçid, o cümlədən sərinləndirmə sisteminə işə salınması ilə bağlı müvafiq tapşırıq da verilib. Bu tapşırığa uyğun olaraq da iyunun 1-dən avtobuslarda sərinləndirmə sistemləri işə salınıb”.
Mətbuat katibi sərinləmə sistemi olmayan avtobusların xəttə buraxılması mövzusuna da aydınlıq gətirib. Onun sözlərinə görə, bəzən bir xətt üzrə sərinləndirmə sistemləri işlək vəziyyətdə olmur.
“Daşıyıcılar bu hala xüsusilə diqqətlə yanaşmalıdırlar, çünki burada söz sərnişinlərin yay mövsümündə daşınmasından gedir. Bu cür çatışmazlıqlar qısa müddətdə aradan qalxmalıdır. Sərinləndirmə sistemi olmayan avtobusların əvəzləməsinə gəlincə isə bu mərhələli şəkildə aparılan prosesdir. Paytaxta da avtobus parkının yenilənməsi işləri gedir və bu işlər çərçivəsində son 6 ildə Bakı şəhərində istismarda olan avtobusların təxmini 50 faizi artıq yenilənib. Bu avtobuslarda da sərinləmə sistemi mövcuddur”.
Ləman Abbaslı