Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayeva öz ərizəsi ilə işdən ayrılıb.
Ednews xəbər verir ki, şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirməsi onu məktəbdən ayrılmasına səbəb olub. Belə ki, müəllimə qeyri-qanuni olaraq, azyaşlı şagirdlərə məktəbdə dini təbliğ edib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Ednews-a verilən məlumata görə, müəllimin öz ərizəsi ilə işinə xitam verilib.
“Sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna və müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Nailə Babayeva isə ərizəsi ilə məktəbdən ayrılıb ”.
Qeyd edək ki, Nailə Babayeva izahatında bildirib ki, bu addımı dini təbliğ etmək üçün yox, şagirdlərə təhsildən əlavə maraqlı məlumatlar öyrətmək məqsədilə atıb.
Ləman Abbaslı