PSTM layihəsini həyata keçirən DAYAQ QHHYT-nin regional koordinatorlarının “Taxta Körpü” və Ağdam rayonunun Baharlı 1 köçkün qəsəbələrində maarifləndirmə tədbirləri həyata keçirilib.
Əhalinin rəsmi orqanlara müxtəlif məqsədli müraciətlərini əldə əsas tutaraq insanların tez-tez işğaldan azad olunmuş ərazilərə səfər etmələri baş ofisdə layihənin meneceri və layihə koordinatoru tərəfindən müzakirə edilib. Daha sonra layihəni həyata keçirən səlahiyyətli şəxslər tərəfindən həmin ərazilərə gedən insanlar üçün maarifləndirmə tədbirlərinin təşkil olunması barədə qərar verilib.
Ednews xəbər verir ki, əvvəlcədən hazırlanan plana əsasən region koordinatorları məlumatlandırılıb.
Plana əsasən 2022-ci il iyulun 13-ü, saat 10:00-da “Taxta Körpü” icmasında təsərrüfat işçiləri, yaylağa gediş-gəliş edən maldarlar və icma üzvləri üçün təlimlər keçirilib.
Ətraflı məlumatlandıqdan sonra icma könüllüsü Vəli Həsənzadə tədbiri həyata keçirib. Tədbirdə 22 nəfər (19 kişi, 3 qadin) iştirak edib. 19-35 yaş qrupu üzrə 12 nəfər (10 nəfər kişi, 2 nəfər qadın), 36 – 55 yaş qrupu üzrə 10 nəfər (9 nəfər kişi, 1 nəfər qadın) olub. İştirakçılardan bir (1) nəfəri müharibə, bir (1) nəfəri isə ümumi səbəbdən əlil (hər ikisi kişi) olub. Tədbirdə “Taxta Körpü” qəsəbə icra nümayəndəsinin müavini, qəsəbə uşaq baxçasının direktoru, bir nəfər media rəhbəri (doğrusöztv.az saytı) iştirak edib.
Təlim zamanı istifadə etmək üçün iştirakçılara 30 ədəd poster, 50 ədəd buklet də təqdim olunub.
İkinci tədbir isə 14 iyul 2022-ci ildə Ağdam rayonunun Baharli 1 köçkün qəsəbəsində həyata keçirilib. Tədbir saat 10:00-da başlayıb. Burada da 22 nəfər iştirakçı olub. Tədbirdə 12-18 yaş qrupu üzrə 1 nəfər, 19-35 yaş qrupu üzrə 3 nəfər, 36-55 yaş qrupu üzrə 13 nəfər, 56 və yuxarı yaş qrupu üzrə 5 nəfər iştirak edib. Təbir iştirakçıları arasında icma liderləri, müharibə veteranları da (Qasımov Akif Aydın oğlu, Tağıyev Oruc Əskər oğlu və Bayramov Şəmil Bayram oğlu) olublar. Hər iki tədbir ilk dəfə keçirilib.
Maarifləndirici tədbirlər zamanı mina və partlamamış hərbi sursatların təhlükəsi, törədə biləcəyi xəsarətlər, eləcə də şübhəli vəziyyətlərdə davranış qaydaları və son zamanlar baş verən partlayışlar barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılar həyatlarını təhlükəyə atmamaları və icazəsiz azad olunan ərazilərə səfər etməkdən çəkinmələri barədə təlimatlandırılıblar.
Qeyd: Məlumatda verilən rəqəmlər aylıq hesabatda öz əksini tapacaq.