Yayın gəlişi ilə əlaqədar çimərlik mövsümünə start verilir. Qızmar yay günlərində sərinləmək üçün çimərliklərə üz tutan insanlar arasında dənizdə boğulanların, hətta həyatını itirənlərin sayı isə əfsuslar olsun ki, ilbəil artmaqda davam edir. Buna səbəb kimi isə vətəndaşların ya qadağan olmuş ərazilərdə çimməsi ya da xilasedicilərin çağırış və tələblərinə əməl eməməsini göstərmək olar.
Bəs çimərliklərdə təhlükəsizlik tədbirləri hansı formada həyata keçirilməlidir?
Məsələ ilə bağlı Təhlükəsizlik eksperti Elmar Nurəliyev Ednews-a açıqlaması zamanı çimərlikdən istifadədə ən əlverişli zaman barədə danışıb.
“Birinci növbədə hava şəraiti nəzərə alınmalıdır. Planlanma mütləq şəkildə edilməlidir. Küləyin sürəti saniyədə 12 metrdən çox olarsa, dənizdə daha çox dalğa müşahidə olunursa, havanın qaranlıq, yağışlı, dumanlı, çiskinli vaxtlarında çimərliyə gedilməməlidir. Gün ərzində saat 11-16 aralığında dənizə girməmək məsləhətlidir. Məhdudlaşdırıcı sərhədləri(175 sm) keçməmək şərti ilə məlumatlandırıcı tələbləri yerinə yetirmək əsasdır. Mütləq qaydada hansı çimərlikdə istifadəyə icazə varsa, oradan istifadə edilməlidir”.
Ekspert qeyd edib ki, dənizdə batan şəxslərin əksəriyyəti qadağan olunmuş ərazidə çimənlərdir. O, həmçinin belə ərazilər haqqında da məlumat verib.
“Elə çimərlik sahilləri var ki, suyun dibinin relyerfi sahilə paralel şəkildə yəni bir hissəsi dərin, bir hissəsi dayaz formadadır. Elə çimərliklər də var ki, sahilə perpendikulyar dalğavaridir yəni sağ-sola hərəkət etdikdə dərinliyi hiss etmək olur. İnsanların istifadəsinə qadağan edilən çimərliklər belələrindəndir. Həmçinin qaya, daş parçaları olan ərazilərdən uzaq durmaq lazımdır. Həmin yer ən təhlükəli bölgə hesab edilir. Belə ki, daş, qaya parçalarının dibi 1-1,5 metr dərinlikdədirsə, ətrafı 4-5 hətta ondan da çox dərinlikdə olur”.
Elmar Nurəliyevin sözlərinə görə, qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Çimərlik varsa, həmin yerdə təhlükəsizlik tədbirləri görülməlidir. İnsanların istirahəti üçün şərait yaradılmalıdır.
“Çimərlikdə təhlükəsizliklə bağlı konsepsiya olmalıdır. Nəzarət olunan çimərliklərinin sayının artması, boğulan, suda batan insanların sayının azalması deməkdir. Nəzarətsiz çimərliklərin nəzarətə götürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi daha məqsədəuyğundur”.
Ekspert boğulan şəxsə ilkin yardım və xilasetmə yollarından da danışıb.
“Boğulan şəxsi xilasetmək üçün ona qarşı tərəfdən yaxınlaşmaq olmaz. Çünki həmin şəxs qorxudan yaranan panika nəticəsində ona yaxınlaşan şəxsi də bilmədən suda batıra bilər. Odur ki, boğulan insana arxadan yaxınlaşaraq, hər hansısa taxta parçası, təhlükəsizlik şarı və s.xilasedici ləvazimatları uzatmaqla dərhal onu həmin ərazidən uzaqlaşdırmaq lazımdır. Digər üsul isə şəxsin boynunun arxa tərəfindən tutaraq başını suyun üstündə saxlamaq və beləcə batmasını əngəlləməkdir. Sahilə çıxarıldıqdan sonra isə şəxsi qəbul etdiyi mayeni xaric etməsi üçün üzü aşağı yatırıb yubanmadan təcili tibbi yardım çağımaq lazımdır”.
Ləman Abbaslı