Bakı şəhərinin əsas yollarından biri olan Tbilisi prospektinin bir hissəsi təmirə bağlanıb. Sürücülərin dediyinə görə, təmir işləri sentyabr ayının sonlarına qədər davam edəcək.
Yolun tədris ilinin başlamasına təsadüf etməsi isə haqlı olaraq paytaxt sakinlərini narahat edib. Paytaxtın əsas hərəkət istiqamətlərindən birində gediş-gəlişin məhdudlaşdırılması məktəblər açılan zaman böyük tıxacların yaranmasına səbəb ola bilər.
Ednews məsələyə aydınlıq gətirməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Tbilisi prospektində son 5-6 il ərzində heç bir orta təmir işi icra edilməyib. Yolda yaranan bəzi problemlərə görə prospektdə təmir işləri başladılıb.
Qurumun mətbuat katibinin sözlərinə görə, prospektdəki təmir işləri yeni tədris ilinin başlamasına qədər yekunlaşacaq.