Bildiyimiz kimi dünən gecədən Ermənistan silahlı qüvvələrinin sərhəd boyu hücumunun qarşısı müzəffər ordumuz tərəfindən qətiyyətlə alınıb. Səhər saatlarında atəşkəs elan edilməsi ilə bağlı razılıq edildiyi xəbəri yayılsa da, sonradan atəşkəs rejiminin ermənilər tərəfindən yenidən pozulduğu bildirilir. Hazırda cəbhədə gərginlikdir, qanlı döyüşlər gedir, qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verir.
Ednews xəbər verir ki, bununla bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Afəs Əliyevin açıqlaması yayılıb. Açıqlamada deyilir:
“Bu gün Azərbaycan xalqının ən ağır və daha şərəfli günlərindən biridir. Bildiyiniz kimi, ermənilər dünəndən dövlət sərhədimizi pozmağa başlayıblar. İrəliləyərək cəhd edib torpaqlarımızı işğal etmək istəyiblər. Bunun cavabını Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri layiqincə verib. Hazırda bölgədə, bildiyimiz qədər, düşmənin cavabı verilir, qanlı döyüşlər gedir. Biz – “Qarabağ qaziləri” birliyinin rəhbərliyi ölkə prezidentinə, Müzəffər Ali Baş Komandana müraciət edirik: 44 günlük müharibədə olduğu kimi, bu döyüşlərdə də biz əsgər və zabitlərimizin yanında olmaq istəyirik. Əlimizdən gələn köməkliyi onlara göstərmək, torpaqlarımızın müdafiəsi uğrunda yenidən silaha sarılıb döyüşmək arzusundayıq. Xahiş edirik, bizə şərait yaradılsın, şans verilsin ki, yenidən döyüşən ordumuzun sıralarına qoşularaq düşmənə cavab verməkdə gənc əsgər və zabitlərimizin yanında olaq! Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin!”.