Hər birimiz vaxtımızı səmərəli keçirmək, istirahət günlərimizi qiymətləndirmək üçün fərqli məkanlara üz tuturuq. Kimi ailəsiylə birlikdə otel yaxud restoranlara, kimi isə daha fərqli yollara üstünlük verir. Ancaq seçdiyimiz , eləcə də müraciət etdiyimiz məkanlarda insanlara qarşı xidmət personalının xoşagəlməz rəftarı bütün əhvalımıza mənfi təsir edir.
Xarici ölkələrdə insanlarla sıx təmas halında olacaq şəxslər işə götürülərkən müəyyən təlimlər keçirilir.
Bəs, Azərbaycanda niyə müştərilərə xidmət və onlarla kommunikasiyanın düzgün qurulması niyə ürək açan deyil?
Məsələ ilə bağlı, Ednews-a danışan turizm sahəsi üzrə ekspert Əziz Şiriyev hazırda bunun ölkəmizdəki ən aktual problemlərdən biri kimi qiymətləndirib:
“Bu məsələ mənim ən yaralı yerimdir. Çünki, xidmət hər şeyin başlanğıcı hesab olunur. İstər restoran, istərsə də turizm sahəsində xidmətin önəmi çoxdur. Xidmət yaxşı olarsa, müştəri razı qalar və biz daha çox insanı buraya cəlb edə bilərik. Restoranda ofisiant, oteldə resepşın, turizmdə bələdçinin çox önəmi var.
O, həmçinin, keçirilən təlimlər barədə da danışıb:
“Bu məsələni daha çox diqqətdə saxlayırıq. Son dövrlərdə mən özüm də başda olmaqla turizm və qonaqpərvərlik sahəsində təlimlər keçirəm. Biz bacardığımızı edirik. Sadəcə lisenziya ləğv olunduqdan sonra, turizm sahəsində qanuni və qeyri-qanuni turizm şirkətləri meydana gəldiyinə görə artıq çatdıra bilmirik. Hazırda 400 turizm şirkətinin fəliyyət göstərir. Say artır, amma keyfiyyətli kadr hazırlamaq bizim ən azı 2-3 il vaxtımızı alır”.
Əziz Şiriyev bu işlə məşğul olan insanların sayının çox az olduğunu bildirib:
“Adam var, biliyi var paylaşa bilmir, çox bilir öyrədə bilmir. Maksimum səviyyədə çalışırıq ki, hər şey ən yüksək səviyyədə təşkil olunsun. Bizim, sayımız azdır. Maksimum səviyyədə çalışırıq ki, bizim sahəmizdə ancaq peşəkarlar çalışsın. Çünki, qeyri-peşəkarlar o qədər bizə zərər verir ki, bizlər birləşib həmin ziyanı aradan qaldırmaqda çətinlik çəkirik. Artıq bu istiqamətdə işlər gedir və biz bu işin öhdəsindən yavaş-yavaş gəlirik”.
Nəzrin Beydiyeva