Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə "Ekosid" adlı yeni maddə əlavə olunmasını təklif edib.
Ednews xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin dekabrın 16-da keçirilən iclasında müzakirə aparılıb.
Kollegiyanın Cinayət sahəsi üzrə İşçi Qrupunun rəhbəri İlhamə Həsənova mövzu barədə məruzə ilə çıxış edib.
Təklifə əsasən, flora və ya faunanın kütləvi şəkildə məhv edilməsi, atmosferə, torpaq və ya su ehtiyatlarına mühüm ziyan vurulması, habelə ekoloji fəlakətə səbəb olan və ya səbəb ola biləcək digər hərəkətlər cinayət məsuliyyəti hesab olunmalıdır.
Bildirilib ki, bu sahədə beynəlxalq təcrübə də var. Belə ki, bir sıra ölkələrin qanunvericiliklərində cəzalar nəzərdə tutulur.