Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ednews xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər fit verib.
Bakı metrosunda da həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.
20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.
Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 33 il keçir.