Hazırda dünya ölkələrinin ən ciddi problemlərdən biri olan narkomaniyanın acı nəticələrindən əziyyət çəkməyən ölkə demək olar ki, yoxdur. Günümüzdə bu bəla bəzi gənc və yeniyetmələri öz toruna salıb. Narkomaniya və narkoticarət təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Azərbaycan xalqının milli genefondunu dağıdan və ailə institutlarını məhv edən narkomaniyanın geniş şəkildə yayılması ölkəmiz üçün artıq SOS olmalıdır. Bu bəlanın cəmiyyətə, ailələrə vurduğu ziyan günü-gündən artır. Elə məhz boşanmaların, ailədaxili şiddətlərin, qətllərin çoxu da bu səbəbdən baş verir.
Qeyd etdiyimiz kimi bu bəla hazırda ümumtəhsil ocaqlarına geniş ayaq açıb və əsasən şagirdlər, yeniyetmələr, işsiz gənclər arasında daha çox yayılıb. Amma ən acısı da odur ki, artıq məktəbli qızlar da narkotik aludəçisinə çevrilir.
Hətta bəzi iddialara görə, narkotik maddələr şagirdlərə konfet adıyla da satılır.
Bəs, cəmiyyət olaraq bu bəladan qurtulmaq üçün hansı addımları atmalıyıq? Təhsil ocaqlarında, televiziyalarda hansı marifləndirici tədbirlər görülməlidir?
Mövzu ilə bağlı narkomaniya üzrə ekspert Emil Maqalov Ednews-a açıqlamasında bildirib ki, cəmiyyət və Qeyri-Hökumət təşkilatları hüquq-mühafizə orqanları ilə birlikdə bu bəlayla mübarizə aparmalıdır: “Narkotiki satanlar elə həm də istifadəçilərdir. Onlar bu vasitədən asılı olduğu üçün ağrıları başlayanda təcili tapıb dərman kimi istifadə edirlər. Nəzərə alsaq ki, ölkədə ağrıkəsici vasitələrin qiymətləri süni şəkildə qaldırılıb, onlar da bu üsula əl atırlar. Təəssüf ki, bu gün ölkədə narkomanlar keyfiyyətli şəkildə müalicə də ala bilmirlər. Hazırda ölkədə 6 narko-dispanser var. Məsələn əgər 5 min xəstə varsa, Bakıda 380, Sumqayıtda isə 28 yer var, narkotik aludəçilərinin sayına baxanda isə, bu çox aşağı səviyyədədir və təbii ki, belə olan halda onların müalicəsini çatdırmaq mümkün olmur. Əsas məsələ bu insanları fiziki yox, psixoloji cəhətdən müalicə etmək lazımdır. Bunun üçün isə onlar reabilitasiya olunmalıdır. Bununla da cəmiyyətə fayda verəcək vətəndaşları geri qaytarmaq mümkündür. Bunun üçün isə narko-dispanserlərin, reabilitasiya mərkəzlərinin sayı artırılmalı, narkoloqlar yetişdirilməlidir.
Avropa ölkələri bu mövzuda zərərin azaldılması layihəsini işləyir. Bu layihədə həmin xəstələrə anonim şəkildə hər bir xidmət göstərilir. Səhiyyə Nazirliyi də bu layihəyə dəstək versə, bizdə də böyük dəyişikliklər olacağına ümid edirəm”.
Sonda mütəxəssis məktəblərdə narkotik maddələrin satışı barədə yayılan iddialara münasibət bildirib.
“O ki, qaldı təhsil ocaqlarında narkotik vasitələrin təklif olunması məsələsinə, düşünürəm ki, bunun qarşısını almaq üçün uşaqlarla onların anladığı dildə danışmaq lazımdır. Onlara bu təhlükənin zərərləri barədə məlumat vermək, davamlı marifləndirici tədbirlər keçirmək lazımdır”.
Aytən Yaşar
