Bakı metropoliteninin bənövşəyi xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.
Ednews xəbər verir ki, bu barədə trend.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, şərti olaraq "B-04" adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə Klinik Tibbi Mərkəz arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək:
"Burada tikinti işləri "qruntda divar" üsulu ilə, yəni yuxarıdan alt qatlara doğru aparılır. Ərazinin relyefindən asılı olaraq, işlər hazırda 29-32 metr dərinlikdə, 4-cü mərhələ həyata keçirilir. Qeyd edək ki, "qruntda divar" üsulu yaşayış sahələrində daha səmərəli, rahat, məhdud məkanlara uyğunluğu va effektivliyi ilə seçilir.
Bununla yanaşı, texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilməsi baxımından da daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi, dinamik titrəyişlərin olmaması, səs-küyün norma həddində saxlanması "qruntda divar" üsulunu fərqləndirən keyfiyyətlərdəndir. Buna qədər bənövşəyi xəttin "Memar Əcəmi” və "8 Noyabr" stansiyaları analoji qaydada aparılıb.
Tikinti zamanı səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılıb, torpaq qatı çıxarılıb, dəmir-beton konstruksiya qurularaq beton döşəmə təbəqəsi inşa olunub".