Türkiyədə sosialyönümlü maraqlı qanun qəbul olunub. Yeni qanuna görə bir qadın həyat yoldaşına 25 il səbr edib, onunla bir evdə yaşayıbsa, qadına pensiya kəsiləcək.
Ailə institutunun möhkəmlənməsinə hesablanan qanun Azərbaycan ictimaiyyətində ciddi müzakirə doğurub və belə bir qanunun ölkəmizdə də tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Çünki heç bir vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər, evdar qadınlara "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir.
Yaşa görə müavinətin məbləği isə 2019-cu il aprelin 1-dən etibarən 130 manat, 2022-ci il yanvarın 1-dən 180 manat təşkil edir.
Maraqlıdır, Azərbaycan bu mövzuda Türkiyə modelindən yararlanacaqmı? Sözügedən qanunun da ölkəmizdə tətbiqi nə qədər mümkün ola bilər?
Məsələ ilə bağlı Ednews-a danışan sosioloq Lalə Mehralı bildirib ki, bu boşanmaların qarşısını ala biləcək əla, düşünülmüş təşviqedici proqramdır. Türkiyədə boşanma statistikası təhlükəli həddədir, hökumət bununla bağlı ciddi bir tədbir görməli idi.
“İldə 180 mindən artıq boşanma qeydə alınan bir ölkədə ailə institutu təhlükədədir. Xüsusilə Türkiyə kimi həyatın günün gündən bahalaşdığı, yaşam şərtlərinin ağırlaşdığı, ailədə kişilərin qadına qarşı ciddi aqressiya göstərdiyi bir ölkədə boşanmalara görə ödənən təzminat və verilən aliment məbləği də yüksəlir. Hesab edirəm ki bu addımla ölkənin ailə sistemində boşanma nisbətini azalda biləcəklər”.
Sosioloqun sözlərinə görə, Azərbaycanda bu cür layihənin həyata keçirilməsi gözlənilmir, çünki illərdir bizim uşaqpulu ilə, Mediasiya Şurasının xidmətinin pulsuz olması ilə bağlı çağırışlarımız cavabsız qalır.
“Amma əgər bu cür addım atılsa, təbii ki ailələrin dağılmasının qarşısı alınar, tərəflər uzlaşmağa meylli olar. Bu bir növ erkən təqaüdə çıxmaq kimi bir şeydir”.
Oğuz