Sosial şəbəkə istifadəçiləri həftə sonları dövlət xəstəxanalarında həkim olmamasından gileylənirlər. Belə ki, həftəiçi çalışan vətəndaşlar həkim müayinəsindən keçmək üçün həftə sonlarını səbirsizliklə gözləsələr də buna nail ola bilmirlər. Çünki bu günlərdə dövlət xəstəxanaları və poliklinikalarında həkim tapmaq müşkül məsələyə çevrilib.
Buna səbəb nədir? Ümumiyyətlə, vətəndaşların rahatlığı üçün belə bir məsələ növbə ilə tənzimlənməməlidirmi?
“Vətəndaş həkimə getməzdən öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən həkim üçün görüş təyin etməldir”.
Bu fikri məsələ ilə bağlı Ednews-a danışan professor Adil Qeybulla səsləndirib. O, açıqlaması zamanı qeyd edib ki, bizim insanlar icbari tibbi sığortanı hələ də tam anlamırlar.
“Yəni bütün dünyada icbari tibbi sığorta vahid sistemdə qurulub. Əvvəlcə orada ailə institutu olmalıdır. Ailə həkimi mütləq şəkildə vətəndaşla maraqlanmalıdır. Həmin həkim xəstələrin müalicəsi və həkim təyinatı ilə məşğul olmalıdır. Həmçinin, birbaşa hara müracəit etməli olduğunu da ailə həkimi yönləndirməlidir”.
Professor vurğulayıb ki, bizim cəmiyyətdə düşünürlər ki, xəstə istədiyi vaxt xəstəxanaya gedsə, həkim onu orada gözləməlidir.
“Həkimə getdiyi an isə bütün proseslərdən keçəcəyini düşünürlər. Hər bir xəstə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək qəbul kağızı almaldır. Həmin kağız ilə həkim tərəfindən yoxlanılacaq. Qəbul kağızı da növbəli sistemdir. Ona görə də bu məsələlər dəqiq sistemli keçirilsə, problemlər yaşanmaz”.
Aysel Şahmar