Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Türkiyədə baş tutan prezident seçkiləri haqqında mətbuat konfransı keçirib.
Ednews-un verdiyi xəbərə görə, o bildirib ki, müşahidələr onu göstərdi ki, Türkiyədəki seçki prosesi tamamilə şəffaf və təhlükəsizlik şəraitdə keçirilir:
"Fransa isə buna kölgə salmaq istəyir. ATƏT-in müşahidəçiləri kimi qardaş ölkədə baş verən seçki prosesini yaxından izlədik. Mən və digər heyət Türkiyənin Adana vilayətində daha sonra Mərsinin Ərdəmli ofisində olduq. İlkin müşahidələrimiz o idi ki, vətəndaşlar səsvermə başlamadan öncə məntəqə önündə toplanmışdı. İlk dəqiqələrdən sona qədər heç bir əngəl hiss etmədik. Gün ərzində ümumilikdə 9 məntəqədə seçki prosesini izlədik. Küçədən keçən hər kəsə gəlib seçki nəticələrinin yoxlanılmasında iştirak edə bilərdi. Seçicilərin yazdığı adlar açıq şəkildə sonda göstərilirdi. ATƏT-in müşahidəçiləri sırasında Türkiyədəki seçki prosesini izləyən 210-dan çox müşahidəçisindən 95 faizi prosesə müsbət qiymət verib. Ancaq ATƏT-in müşahidəçiləri sırasında fransız xanım da var idi. O özünü təhlükədə hiss etdiyini bildirdi. Amma buna əsas verəcək heç bir hal baş vermədi. Mən başa düşdüm ki, onlara təlimat verilmişdi ki, Türkiyədə keçirilən seçki prosesinin şəffaflığı və təhlükəsizlik məsələsi gözdən salınsın. Bu isə tamamilə əsassızdır, seçki prosesi şəffaf və tam təhlükəsiz şəraitdə keçirilir".
Mətbuat konfransının video-süjetini təqdim edirik: