İqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib ki, bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırmalı mövzudur.
Mütəxəssislərin fikrincə, 4 günlük iş rejimi işçinin vericilik qabiliyyətini daha da artırır. Bu həm də, əlavə xərclərini (elektrik, su və.s) azaldaraq şirkətə xeyir verir.
Bəs Azərbaycanda 4 günlük iş rejiminin tədbiq edilməsi reallaşa bilərmi?
Məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Ednews-a açıqlamasında bildirib ki, dünyada 4 günlük iş rejimi müxtəlif sahələrdə tətbiq edilir.
“İşçi 5 gündə etdiyini 4 günə edə bilirsə, o zaman iş rejimi azaldılır. Lakin əmək haqqıda heç bir dəyişiklik olmur. Bu zaman həm işçi, həm də biznes qazanır. Müəssə həmin gün işləmir. Bu da iqtisadi baxımdan yaxşı haldır. Lakin bizdə qısaldılmış iş rejimi dövlət sektorunda mümkün deyil”.
Ekspert qeyd edib ki, rəsmi statistikaya əsasən, hazırda ölkədə 5 milyon işçi var.
“Onlardan 1 milyon 750 minə yaxın insan əmək müqaviləsilə işləyir. Bunun da 950 mindən çoxu dövlət sektorunda çalışanlara aiddir. Dövlət sektorunda isə belə bir keçidin müzakirəsi belə ola bilməz. 4 günlük iş rejimi yalnız əmək müqaviləsilə işləyənlərə tətbiq oluna bilər. Qeyri-formal sektora isə bunun adiyatı yoxdur. Özəl sektorda bu tətbiq edilər. Özəl sektorda çox işləməyə, həftəsonu işlətməyə icazə yoxdur”.
Aysel Şahmar