Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq Azərbaycana gətirilib.
Bu barədə Ednews-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq.
Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.