Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad edilməsinin ildönümüdür.
Ednews xəbər verir ki, paytaxtın azad edilməsindən 105 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şanlı səhifə yazdılar. Azərbaycan öz müstəqilliyini təmin edərək Bakıda və ətraf rayonlarda ermənilərin və bolşeviklərin hökmranlığına son qoydu.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan edilsə də, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşeviklərin işğalı altında idi. Onsuz Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək mümkün deyildi.
Müstəqilliyini yenicə əldə etmiş və dünya miqyasında tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər imkanları yox idi. Osmanlı Türkiyəsi ağır vəziyyətdə olmasına baxmayaraq, ərazi bütövlüyünü qorumaq üçün Nuru Paşanın komandanlığı ilə silahlı qoşunlarını qardaş Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qüvvələrinin Azərbaycana gəlməsinə etiraz etmələrinə baxmayaraq, 1918-ci ilin avqust-sentyabr aylarında Osmanlı imperiyası öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.