Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, nəsillərin tarixi varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Ailə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Niyə Azərbaycanda günü-gündən boşanma sayları yüksəlir? Səbəbi nələrdir?
Mövzu ilə bağlı Ednews-a sosioloq Lalə Mehralı bildirdi ki, ailə asan qurulmur, amma müşahidələrimə görə çox asanlıqla dağılır. Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir:
“O toy asanlıqla edilmir, o ailə asanlıqla yaranmır, amma bircə imza ilə hər şeyi bitirirlər. Boşanma cəmiyyətə mədəniyyət kimi təqdim edilir. Sanki hansısa qüvvələr boşanmış qadınların karyerasının daha uğurlu olması ilə bağlı xüsusi piar aparır. İşində uğur əldə edən qadınlar barədə təbliğatlar gedir və orada xüsusilə qeyd edilir ki, o, uğurlu karyeraya boşandıqdan sonra nail olub. Efir və telekanallar boşanmanı təbliğ edir yəni.
Statistikadan hamının xəbəri var, boşanmalar kritik həddədir. Təsəvvür edin, bu ilin cəmi 2 ayının – yanvar və fevralın statistikasına görə ölkədə 7541 nikah bağlanıb, 3014 nikah pozulub. Bu hər iki nikahdan demək olar ki, birinin pozulması deməkdir! Ötən illə müqayisədə boşanmaların sayı 1.5 faizdən 1.8 faizə yüksəlib, nikahların sayı isə 5,9-dan 4,6-ya düşüb. Ölkədə boşanan gənclər ordusu yaranıb, əlaqədar komitənin tükü tərpənmir”.
Sosioloq qeyd etdi ki, oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa o da qorxur, necə deyərlər süddən ağzı yanan suyu üfürərək içər:
“Ona görə də daha seçici olur, çək-çevir edir, evlənmək üçün ən yaxşı vaxtı, imkanı gözləyir. Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar.
Bu coğrafiyanın ailələri regionun ən sarsıdıcı müharibələrini görüb, Böyük Vətən Müharibəsinin, Qarabağ müharibəsinin iştirakçıları olublar. Tarixinin ən çətin illərini yaşayıb Azərbaycan ailələri o illərdə, ac qalıb, çılpaq qalıb, yenə də boşanmalar bu qədər dəhşətli rəqəmlərlə xarakterizə olunmayıb. Ölkənin mövcud ailə dəyərləri vardı, birlik-bərabərlik, bütövlük anlayışları vardı. İndi varmı o anlayış, o dəyər? Azərbaycan ailəsi modeli nədir indi? Boşanmış tərəflər, ortalıqda qalmış uşaqlar, aliment davası, mülk çəkişməsi. Bunlar kimin əsəridir? Niyə aidiyyatı komitə tətbir görmür, niyə araşdırmır, niyə qarşısını almır?”
Oğuz