Havalar soyuduqca, bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün isə xəstəliyə yoluxma halları da çoxalır. Bu səbəbdən də bir çox yoluxucu, infeksion xəstəliklər artır və insan orqanizmində müəyyən dəyişliklər baş verir. Bu səbəbdən mütəxəssislər soyuq havalarda sağlamlığa daha da ciddi diqqət yetirmək haqqında xəbərdarlıq edirlər. Bunun üçün bəzi qaydalara əməl edərək özümüzü qoruya bilərik. Həkim-infeksionist Ləman Qalimova deyir ki, payız mövsümündə xəstəliklərin artmasının əsas səbəbi insanların evlərə çəkilməsi və günəşin aktivliyinin azalması ilə əlaqəli olur. O, bu barədə Ednews-a danışarkən bildirib.
“İnsanlarda əsasən temperatur yüksəlməsi, halsızlıq, burun axıntısı, boğaz ağrısı, öskürək bu kimi şikayətlərdən olur. Bunları mövsümü xəstəliklər ilə bağlı qrip olaraq dəyərləndiririk. Buna görə ilk növbədə həkimə müraciət etmək lazımdır”.
Həkim-infeksionistin sözlərinə görə, güclü immun sisteminə malik olmaqla bu kimi xəstəlikdən qoruna bilərlər.
“ Bildiyimiz kimi ictimai yerlərdə məsələn bağçalar, məktəblər virusun yayılma ehtimalı çox yüksəkdir. Uşaq evə gəlib gigiyenik qaydalara riayət etmədikdə gətirdiyi infeksiyanı yayır. Bunun üçün də ilk növbədə həm uşaqlar həm də böyüklər gigiyenik qaydalara riayət etməlidir. Mütləq əl gigiyenasına riayət olunmalıdır”.
L. Qalimova onu da vurğulayıb ki, virusdan qorunmağın ən gözəl yolu vaksinasiyadır.
“ Mövsümü qrip vaksinləri ilə həm özümüzü həm yaxınlarımızı infeksiyalardan qoruya bilərik”,- deyə həkim vurğulayıb.
Aynurə İsmayıl