Parlamentdə keçirilən iclasda ordu ilə bağlı məlumatları, eləcə də şəxsi heyət və texnikanın yerdəyişməsini, hərəkət istiqamətini və s. yayan, bu məsələdə rəsmi informasiyalara deyil, qeyri-rəsmi mənbələrə istinadən edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verilib.
Sosial media üzərindən yayılan yanlış məlumatlar nə dərəcədə riskli ola bilər?
Bu məsələ ilə bağlı Ednews-a danışan hərbi ekspert Ədalət Verdiyev müharibə zamanı paylaşılan görüntülərlə bir çox ordu heyətinin təhlükə altına düşdüyünü bildirib:
“Məncə bu gecikmiş bir qərardır. Bu qərar hələ İkinci Qarabağ müharibəsinin ilk günlərində qəbul edilməli idi. Çünki biz müharibə zamanı ordu ilə heç bir münasibəti olmayan insanların hərbi sahədə paylaşımlarını müşahidə etdik. Bu təbii ki, məlumatın doğru və ya yanlış olmasından asılı olmayaraq ordunun effektivliyinə və beləcə də müharibənin gedişatına zərər vura bilər. Bir çox hallarla qarşılaşdıq ki, insanlar ordunun, hərbi bazaların yerini, hərəkət istiqamətini, və silah-sursat daşınmasını görüntüləyib sosial mediada paylaşıblar. Bu haqda kifayət qədər sübüt var.
Bu yayımlar bəzən əsgərimizi çətin vəziyyətdə qoyurdu, onlar hava və artilleriya hücumlarına məruz qalırdırlar. Buna görə də düşünürəm ki, bunu edən şəxslərin cinayətə cəlb edilməsi olduqca yerində bir qərardır. Yenə də qərarın qəbul edilməsi müsbət bir haldır. Məsələyə bu baxımdan yanaşmaq lazımdır ki, insanların bunu bilərəkdən və ya səhvən etdiyinin önəmi yoxdur, bunu araşdırmaq da boşa sərf edilən vaxt olar. Ən əsası odur ki, tətbiq ediləcək yeni cəza qanunu ilə bu kimi halların sayı azaldılacaq. Nəzərə almaq lazımdır ki, milli təhlükəsizliyin qorunması üçün sosial media başlıca önəm daşıyır”.
Fərid Axund