Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu və “GESCO” ASC arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Ednews xəbər verir ki, imzalanma mərasimində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və “GESCO” ASC-nin direktoru Murad Camalzadə iştirak edib.
Memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Fondun nizamnaməsinə və “GESCO” ASC-nin nizamnaməsinə uyğun olaraq tələbə və məzunların təcrübə mübadiləsi, həmçinin, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, müvafiq sahədə maarifləndirilmə və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir.
Beləliklə, tərəflərin müştərək maraqlarına əsaslanan müvafiq əməkdaşlıq bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin birgə təşkili və həyata keçirilməsinə əsaslanır.
Qeyd edək ki, əldə olunan razılığa əsasən, təhsil tələbə kreditlərindən yararlanan təhsilalanların və məzunların əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi üçün geniş imkanlar yaradılacaq.