Rusiya Müdafiə Nazirliyi Suriyanın Hələb şəhərinin şərqindən son 24 saat ərzində 13 mindən çox vətəndaşın təxliyyə edildiyini bildirib.
Nazirlikdən verilən açıqlamada 5 min 831-i uşaq olmaqla 13 min 346 nəfər mülki vətəndaşın Hələbin terrorçuların nəzarətində olan şərq hissələrindən təxliyə edildiyi qeyd olunub. Həmin müddət ərzində 728 terrorçu müqavimət göstərməyi dayandıraraq Hələbin şərq məhəllələrini tərk edib. Bununla yanaşı, açıqlamada Rusiya əsgərlərinin Hələbin şərqindəki 7 hektar genişliyində sahəni minalardan təmizlədiyi bildirilib. Nazirliyin məlumatına görə, mina təmizləmə əməliyyatının aparıldığı sahədə bir məscid, bir ibtidai məktəb və yollar yer alır. Nazirlikdən dünən verilən açıqlamada da Hələbin terrorçulardan geri alınması üçün əməliyyat başladılmasından bu yana şəhərin şərq ərazilərindən 78 min vətəndaşın təxliyyə edildiyi və 1324 terrorçunun silahı yerə qoyub hökumətin nəzarətindəki qərb ərazilərinə keçdiyi qeyd edilmişdi.