Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Telefon danışığı zamanı Putinlə Paşinyanın iki ölkə arasındakı münasibətləri və regional problemləri müzakirə etdiyi bildirilir. Paşinyan Qərbə boylanmır, əksinə Kremlin istəyi ilə Suriyaya humanitar missiya göndərib.
Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Putinin Paşinyanı tənbeh etmək üçün səbəbi yoxdur. Tam tərsinə Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin müəyyənləşməsi məsələsində Paşinyana təzyiq etmədi. Bəllidir ki, Paşinyan belaruslu hərbçinin baş katib seçilməsini əngəlləyib və buna görə Putin Ermənistanın baş nazirinə güldən ağır söz deməyib. Yəni Kreml bu məsələdə Ermənistanın mövqeyini Belarusun mövqeyindən üstün tutub.
Putinin Paşinyana etdiyi zəngin özü də dialoqun davamına işarədir. O ki qaldı, Putinin dostu Robert Köçəryanın həbsinin davam etməsinə Kreml sahibi də görür ki, erməni cəmiyyəti eks-prezidentin azad olunması üçün əldən-ayaqdan getmir. Ona görə dostuna görə Paşinyana təzyiq etməz. Kreml üçün Ermənistanı və baş nazir Paşinyanı nəzarətdə saxlamaq Köçəryanı nə yolla olursa-olsun həbsdən azad etməkdən vacibdir.