Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Ednews xəbər verir ki, tədbir Pekin Milli Stadionunda Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq.
"Tonq Ksin" ("Hamı bir nəfər kimi birlikdə") adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız yerli vətəndaşlar izləyə biləcəklər.
Olimpiadada ölkəmizi bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da, Ryabova isə fevralın 15-i və 17-də buz üzərində çıxış edəcək.
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.